Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı
Hörmətli Ramiz müəllim!
Akademiyanın prezidenti, hörmətli Akif müəllim!
Hörmətli Rəyasət Heyətinin üzvləri!
Hörmətli yığıncaq iştirakçıları!
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ətraflı giriş sözü və akademik-katib, müxbir üzv Rasim Əliquliyevin dolğun hesabatını dinlədikdən sonra və öncədən təqdim olunmuş uyğun materialların təhlili əsasında, mən hesab edirəm ki, Rəyasət Heyətinin hesabatını məqbul qəbul etmək olar.
Hesabat tək Elmlər Akademiyasında yox, həmçinin təhsil müəssisələrində və sahə institutlarında aparılan elmi tədqiqatların nəticələrini də özündə cəmləşdirir ki, bu da ölkədə həyata keçirilən elmi-texniki siyasətin ümumiləşdirilmiş və tamamlanmış vəziyyətini dolğunluqla əks etdirir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də Elmi Mərkəzində və innovativ yönümlü proqramlar çərçivəsində müəyyən elmi-texniki işlər və həmçinin AMEA və digər milli və xarici tədqiqat kollektivləri ilə birgə tədqiqatlar aparılıb. Bu tədqiqatların bir istiqaməti İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və ABŞ-ın Berkli Universiteti ilə birgə və dünya şöhrətli həmyerli alimimiz, professor Lütfi Zadənin rəhbərliyi altında aparılan qeyri-səlis məntiqlər əsasında yeni informasiya modellərinin işlənib hazırlanması və onların əsasında mətnlərin intellektual analizi, ifrat böyük həcmli məlumatların idarə olunması kimi praktiki əhəmiyyətə malik olan işlərdir. Digər tərəfdən, uzun illər davam etdirilən və artıq real nəticələrə əsaslanan Azərbaycan dilinin digər dillərə avtomatik mətn və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktiki əhəmiyyətə malik olan tam səslə idarə olunan mini-kompüterlərin və mobil tətbiqlərin işlənib hazırlanması və istehsalı əldə olunan real nəticələrdir.
Nanotexnologiyaların tətbiqi sahəsində aparılan işlər nəticəsində “Azərilight” neftindən alınan karbon nanoborucuq, LED işıqlanma elementi və DNT-lərin oxunması kimi nəticələr ölkə elminə verilən töhfələrdir. Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda akademik T.Əliyevin rəhbərliyi ilə aparılan seysmik proseslərin proqnozlaşdırılması və texniki sistemlərin yeni metodlara əsaslanan diaqnostikası üçün təcrübi bazanın yaradılmasında, yeni tipli Azərbaycan əlifbası üçün klaviaturaların yaradılmasında aparılan birgə işlər də bu alınan nəticələr sırasındadır.
Ümumiyyətlə, RYTN AMEA ilə çox sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq tətbiqi işlərin yerinə yetirilməsi, elmi jurnalların maliyyələşdirilməsi, bir qrup tədqiqatçıya təqaüdlərin verilməsi, həmçinin Elmin İnkişafı Fondu və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən tətbiqi işlərə qrantların verilməsi, konfrans və forumların təşkili, elmi ezamiyyətlər və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi kimi işləri əhatə edir. Yəqin ki, RYTN, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun birgə təsisçiliyi ilə yaradılmış və bu gün Azərbaycanda yeganə “İmpact Faktor”-a malik olan ingilis dilində çap olunan beynəlxalq “Tətbiqi və hesablama riyaziyyatı” jurnalının da hesabat ilində rolunu qeyd etmək çox ədalətli olar.
Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir inkişaf dövrünə başlamış və XXI əsrin çağırışlarının qarşılanması, ölkəmizin hərtərəfli inkişafı, müasir və gələcək dövrdə xalqımızın xoşbəxt həyatının təmin edilməsi əsas hədəf kimi təyin olunub. 2012-ci ilin dekabr ayında dövlət başçısının müvafiq Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2020: inkişaf konsepsiyası”nda bu məqsədlərə çatmaq üçün göstərilən işlərin prioritet istiqamətlərindən biri də elmin, yeni və müasir texnologiyaların tətbiqi ilə texnoloji və innovasiya tutumlu iqtisadi inkişafa nail olmaqdır.
Mən texnoloji inkişafa məsul bir rəsmi şəxs kimi ölkədə biliklərə əsaslanan iqtisadi inkişafın və bu sahədə innovativ məhsul və xidmətlərin istehsalının rolunu xüsusi qeyd etmək istəyirəm. İnnovativ inkişaf üçün isə elmi və texniki tədqiqatların nəticələrinin praktikada tətbiqi və onların kommersiyalaşdırılması ən prioritet məsələlərdəndir və bunun üçün isə elmlə iqtisadiyyat arasında körpünün, yəni innovativ sahibkarlığın yaradılması günün ən vacib tələbidir.
İnnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atılıb. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər elmi-texniki və sənaye parkları şəbəkəsi, o cümlədən bizim nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı yaradılıb. Bu parklarda xüsusi iqtisadi rejim, o cümlədən güzəştli vergi və gömrük şərtlərinə əsaslanan yüngülləşdirilmiş işgüzarlıq mühiti formalaşdırılmaqdadır. Həmçinin maliyyə resurslarına çıxışı asanlaşdırmaq üçün güzəştli şərtlərlə kreditlər və qrantlar verən fondlar, o cümlədən investisiya, elm, İT və s. fondlar yaradılıb.
İnsan resurslarının inkişafı üçün aparılan islahatlar çərçivəsində mühəndislik və dəqiq elmlər ixtisasları fakültələrində tədris keyfiyyətinin yaxşılaşdırılması, Dövlət Proqramı çərçivəsində texniki ixtisaslar üzrə xaricdə təhsil alan tələbələrin sayının artırılması, müxtəlif kurslar və peşə təhsilinin canlanması kimi yeniliklər həyata keçirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında qoyulan vəzifələrdən biri də elmi tədqiqatların nəticələrinin iqtisadiyyatda və digər sahələrdə tətbiqinə dəstək verilməsidir. İnformasiya cəmiyyətinin qurulması və yüksək texnologiyaların inkişafı üzrə Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üçün təkliflər paketi hazırlanacaqdır. Hesab edirik ki, Təhsil Nazirliyi və AMEA bu Proqramın əsas iştirakçılarından olacaqlar. Dövlət Proqramının əhatə edəcəyi sahələrin informasiya texnologiyaları, kosmik texnologiyalar, nüvə və atom texnologiyalarının sülh məqsədləri ilə istifadəsi, nano və biotexnologiyalar və mikroelektronika olması nəzərdə tutulur. Qarşımızda duran əsas vəzifələr isə aşağıdakılardır:
-
yeni və müasir texnologiyaların ölkəmizin sosial-iqtisadi inkişafında tətbiqi;
-
innovativ məhsul və xidmətlərin istehsalı və ölkəmizin bu sahədə rəqabətqabiliyyətliyinin yüksəldilməsinə dəstək;
-
ölkəmizdə elmi və texniki tədqiqatların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin sürətləndirilməsi;
-
ölkəmizin rabitə və informasiya infrastrukturunun inkişafı.
Bu məqsədlərə çatmaq üçün aparılan işlərin isə üç əsas sütun üzərində qurulması planlaşdırılır. Birincisi, yüksək peşəkarlığa və müasir tələblərə cavab verən insan resursları və biliklər potensialının formalaşdırılmasıdır ki, burada əsas yük AMEA və Təhsil Nazirliyinin üzərinə düşür. İkinci vacib məsələ xarici və daxili investorları özünə cəlb edən, işgüzarlıq fəaliyyətinə rahatlıq və dəstək verən əlverişli iqtisadi və biznes mühitinin yaradılmasıdır. Bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyinin rəhbərliyi və aidiyyəti təşkilatların iştirakı ilə əsaslı işlərin və islahatların aparılmasına başlanılıb. Üçüncüsü isə elmi və texnoloji tutumlu və bütövlüklə, innovativ layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarına çıxışın asanlaşdırılmasıdır. Bu istiqamətdə isə Maliyyə Nazirliyinin rəhbərliyi və Mərkəzi Bankın aktiv iştirakı ilə müəyyən addımlar atılmaqdadır. Hesab edirik ki, bu addımlar
ölkəmizin dayanıqlı innovativ inkişafını təmin edəcəkdir.
Bir daha Azərbaycan Milli Elmlər Akademiyasının 2013-cü il üzrə illik hesabatını müsbət qiymətləndirir, dövlətimizin və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin elmə, təhsilə, intellektual insan potensialının inkişafına və biliklərə və yüksək mədəniyyətə söykənən Azərbaycan cəmiyyətinin formalaşmasına göstərdiyi diqqət və qayğıya görə ona öz minnətdarlığımızı bildiririk.
Diqqətinizə görə sağ olun!
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL