waplog

Mobil operatorların təklif etdiyi tariflər sərfəlidirmi?


Azərbaycanda yetkinlik yaşına çatmış hər bir vətəndaş mobil telefon istifadəçisidir. Respublikada el arasında “əl”, “cib” telefonu kimi tanınan bu telefonların istifadəçisi olmayan insanlara az rast gəlmək olar.

Belə ki, Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricidən təxminən 30 faiz yüksəkdir. Yəni insanlarımız əllərinin çatmadığı, onlardan uzaq olan hər kəsə mobil telefonlar vasitəsilə yetişməyə üstünlük verirlər.

Bəs mobil telefon istifadəçiləri üçün bu ünsiyyət vasitəsi zamanı mobil operatorların təklif etdiyi xidmət və tarif qiymətləri nə dərəcədə sərfəlidir?

Məlum olub ki, istifadəçiləri mobil operatorların təklif etdiyi tarif qiymətləri qane etmir və bu səbəbdən onlar mobil operatorların zəng xidmətindən istifadə zamanı daha çox şəbəkədaxili zənglərə üstünlük verir. Şəbəkədaxili zənglər zamanı istifadəçinin balansından daha az pul çıxır ki, bu da istifadəçinin büdcəsinə qənaətdə kömək edir.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlar öz abunəçilərinə danışıq üçün kontur tarif sistemi deyil, manat sistemi tətbiq edir.

Bu isə birbaşa abunəçilərin maraqları və hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Belə ki, artıq mobil telefon istifadəçiləri telefonla danışdıqdan sonra istifadə vaxtının neçəyə başa gəldiyini və balansdan neçə manatın əksildiyini həmin an aydın görə bilirlər ki, bu da abunəçilərin aldadılmasına və onların bilməyərək artıq pul ödəmələrinə imkan vermir.

İnformasiya və texnologiyalar üzrə mütəxəssislər bu halı yüksək qiymətləndirsələr də, mobil operatorların hələ də istifadəçilərə qarşı dürüst olmadıqlarını düşünürlər. Belə ki, onlar mobil operatorların təklif etdikləri xidmətlə real xidmət arasında yerlə göy arasında uçurum olduğunu qeyd edərək, bunun istehlakçı hüquqlarına zidd olduğunu bildirdilər.

İnformasiya texnologiyaları mütəxəssisi İlqar Mirzənin sözlərinə görə, bəzi operatorlar limitsiz və digər sözlər adı altında qeyri-dəqiq reklamlar verirlər ki, bu da istehlakçıların hüquqlarına təsir edir və onları reklamda gördükləri şərtlərlə deyil, tam başqa xidmətlə təmin edirlər.

Araşdırma zamanı məlum oldu ki, tətbiq olunan tariflərdə «Azərcell» mobil operatoru “Sim kart” istifadəçiləri, «Bakcell» mobil operatoru isə “Cin kart” istifadəçiləri üçün danışıqlarda 10 saniyəlik interval tətbiq edir. Belə ki, təklif olunan istənilən tarif planında danışıq qiymətləri 10 saniyə çərçivəsində hesablanır. Yəni “Cin kart” istifadəçisi hər 10 saniyəyə 1,3 qəpik, “Sim kart” istifadəçisi isə 1,2-1,7 qəpik ödəməli olur. Lakin hesablama zamanı məlum olur ki, real danışıq zamanı hər istifadəçi hiss olunmadan 40-50 faiz itirməli olur.

Bu da istər-istəməz danışıq qiymətinin alıcı üçün nəinki ucuzlaşmasına, hətta bahalaşmasına gətirib çıxarır. «Nar Mobile» mobil operatoru da 5 qəpik tarif planı üçün 60 saniyəlik danışıq intervalı tətbiq edir. «Nar Mobile» istifadəçiyə ümumilikdə 5 qəpik məbləğində xidmət haqqı təyin edir. Bu da o deməkdir ki, istifadəçi həmin gün ərzində danışdı-danışmadı, onun balansından 5 qəpik çıxılır, bu isə istifadəçilərə söz verildiyi kimi deyil, daha baha başa gəlir. Təbii ki, bütün bunlar abonentlərin büdcəsinə mənfi təsir göstərir.


anspress.com

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL