Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
"Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-2010-cu illərdə 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqlarla təchiz olunub, kommunal şəraiti yaxşılaşdırılıb:
"Bu il Heydər Əliyev Mərkəzində Fondun yeni təhsil layihəsi - Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının icrasına start verilib. Proqram ölkəmizin bütün bölgələrində uşaq bağçalarının genişmiqyaslı tikintisi, yenidən qurulması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur. Ümid edirəm ki, bu layihənin köməyi ilə məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi mümkün olacaq.
Nazir bildirib ki, "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasından irəli gələrək hazırlanmış və dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafının Dövlət Strategiyası"nın
gerçəkləşdirilməsi təhsil məzmunun kadr hazırlığının, təhsili idarəetmə sisteminin, təhsil infrastrukturu və maliyyələşdirilmənin qabaqcıl beynəlxalq təcrübə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək".
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ulu öndərin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər sırasında ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsinin xüsusi yeri olduğunu vurğulayıb. Şagirdlərin ümummilli liderə qarşı səmimi, ülvi hisslərini təcəssüm etdirən yazılardan söz açan nazir sosial inkişafda təhsilin vacib rolundan danışaraq, bu baxımdan RYTN və digər qurumların bu sahədə onlara dəstək verməsinin təsadüfi olmadığını diqqətə çatdırıb.
Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də ölkəmizin nümayiş etdirdiyi yüksək mövqedən də danışan nazir müvafiq göstəricilər, xüsusən gənclərin internetdən istifadə aktivliyinin yüksəlməsinin Azərbaycanın reytinqdə 7 pillə irəliləməsində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Elm və təhsillə əməkdaşlıqda daha çox texnoloji istiqamətli sahələrə verilən dəstəkdən də söz açan Ə.Abbasov təhsilin informasiyalaşdırılması üzrə başa çatan iki Dövlət Proqramının ardınca növbəti proqramın icrasına başlanıldığını bildirib. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın qəbuluna da toxunan nazirin sözlərinə görə, sənəddən irəli gələn vəzifələr sırasında informasiya cəmiyyətinin qurulması sahəsində Azərbaycanda təhsil alan tələbələrə xüsusi dəstəyin verilməsi də önə çəkilir.
Ə.Abbasov, həmçinin RYTN tərəfindən yarış və müsabiqələrə verilən texnoloji dəstəkdən də danışaraq, belə tədbirlərdə İKT-nin tətbiqinin genişləndirilməsinin vacibliyini qeyd edib. Bu istiqamətdə təkliflərini də səsləndirən nazir gələn il müəyyən dəyişikliklər etməklə, sözügedən müsabiqənin onlayn formatda təşkilinin məqsədəuyğun olduğunu, bununla da iştirakçıların əhatə dairəsinin daha da genişlənəcəyini, yeni yanaşmaya əsaslanacaq müsabiqəyə dəstəyin göstərilməsinə RYTN-in həmişə hazır olduğunu vurğulayıb. Budəfəki müsabiqənin qalibləri sırasında qızların üstünlük təşkil etdiyinə də diqqət çəkən nazir belə tədbirlərdə oğlanların fəallığının artırılmasının vacibliyini bildirərək, bu baxımdan onlayn oyunların daha çox səmərə verdiyini qeyd edib: "Bəlkə də müsabiqələri gələn il internet üzərindən qursaq, oğlanlarımızın iştirakını, fəallığını yüksəldəcəyik. Çünki bu, çox vacib məsələdir".
Müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Azərbaycan dövlətinin banisinin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün və baxışlarının, o cümlədən azərbaycançılıq məfkurəsinin formalaşmasına müsbət təsir göstərdiyini deyib:
"10 ilə yaxındır ki, bu müsabiqə Heydər Əliyevə həsr olunmuş tədbirlər sırasında layiqli yerini tutmaqdadır. Azərbaycan vətəndaşları hər il Heydər Əliyevin doğum gününü böyük vüsətlə qeyd etməklə bu dahi şəxsiyyətə öz münasibətini, hörmət və sevgisini ifadə edirlər. Əslində bu, Azərbaycan vətəndaşlarının və Azərbaycan xalqının Heydər Əliyevin dövlətimiz, xalqımızın qarşısında misilsiz xidmətlərinə verdiyi qiymətin ifadəsidir. Güman edirəm ki, illər keçdikcə, Heydər Əliyev siyasəti öz bəhrələrini Azərbaycan reallıqlarında daha dəqiq və daha əzəmətlə ifadə etdikcə vətəndaşlarımızın ümummilli liderin xatirəsinə, onun ideyalarına, irsinə olan hörməti və ehtiramı daha da güclənəcək".
Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev də qeyd edib ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır: "İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olmuş, bu vacib iş prioritet istiqamətlərdən biri kimi seçilib və bu istiqamətdə ciddi addımlar atılıb. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bunlarla bərabər, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılıb, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsi olaraq son illərdə də istedadlara qayğı göstərilməsi baxımından ciddi addımlar atılaraq bu işlər hazırda da davam etdirilir. Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə hər il yeni-yeni məktəb binaları, təhsil kompleksləri tikilib istifadəyə verilir. Təhsil müəssisələrimiz qabaqcıl texnologiya ilə təmin edilir".
Çıxışlardan sonra müsabiqənin qaliblərinə hədiyyələr təqdim olunub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL