Elmar Məmmədyarov: “İnnovasiyaların öyrənilməsi bizim üçün böyük maraq doğurur”
“Biz hamımız bilirik ki, ən yaxşı sərmayə təhsilə qoyulan sərmayədir. Azərbaycan təhsil sahəsində əməkdaşlığa təkan vermək məqsədilə xüsusi akademik mübadilə proqramlarının hazırlanmasına tam dəstək verməyə hazırdır. Həmçinin sənaye və yanacaq-enerji sektorlarının inkişafında tətbiq edilən təcrübə və innovasiyaların öyrənilməsi bizim üçün böyük maraq doğurur”.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumundakı çıxışında yer alıb.
Nazir qeyd edib ki, informasiya axınının təmin edilməsi, xəbərlər mübadiləsinin həyata keçirilməsi və ictimai əlaqələr baxımından media sahəsində də əməkdaşlıq etmək hər iki tərəfə müsbət nəticələr verər:
“Ərəb Dövlətləri ilə tarixi, dini və mədəni bağlılığı olan bir ölkə kimi, Azərbaycan Respublikası hər zaman Ərəb Dövlətləri Liqasının hər bir üzvü ilə möhkəm ticari, iqtisadi və siyasi sütunlara söykənən münasibətlərin inkişafına xüsusi önəm verib. Həmçinin Ərəb Dövlətləri ilə olan dostluq əlaqələri İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası çərçivəsində mühüm və uzunmüddətli əməkdaşlıq üçün yol açıb. Buna görə də məntiqlidir ki, Azərbaycan əvvəldən Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya və Azərbaycan Forumu təşəbbüsünü alqışlayıb və onun irəliləyişində fəal iştirak edib. Qətiyyətlə inanırıq ki, bu mexanizm bizim siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət edəcək və daha çox qarşılıqlı anlaşma, hörmət və dəstəyi təmin edəcəkdir. Həmçinin Forum bizim iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi və münasibətlərimizin iqtisadi təməlini möhkəmləndirə bilər. Daha mütərəqqi sərmayə və ticarət əlaqələri qarşılıqlı iqtisadi fayda və fəaliyyətin genişlənməsinə təkan verəcəkdir. Dövlət və özəl sektorlardakı əməkdaşlıq modellərinin fəal şəkildə istifadə edilməsi həm resursların mobilizasiyası, həm də siyasi dəstək baxımından zəruridir. Əməkdaşlığa dair gündəliyi hazırlayarkən həm ikitərəfli, həm də daha geniş formatdan asılı olmayaraq, qarşılıqlı maraq doğuran spesifik sahələr istiqamətinə hədəflənərək, praktik olmalı və mərhələli yanaşmadan istifadə etməliyik”.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL