waplog

“SABAH” qrupuna qəbul olmaq istəyənlər iyunun 12-dək elektron qeydiyyata düşməlidirlər


“SABAH” (Savadlı, bacarıqlı, hazırlıqlı) qrupuna qəbul olmaq istəyən tələbələr iyunun 12-dək “www.sabah.edu.az” saytında elektron qeydiyyata düşməlidirlər.

Təhsil Nazirliyindən bildirilib ki, qeydiyyat prosesi də daxil olmaqla, tələbələr 3 mərhələdən keçməlidirlər. Növbəti mərhələdə iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibədən keçmək nəzərdə tutulur.
 
İlk mərhələdə elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılacaq
 
Elektron ərizə əsasında müsabiqənin I mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır. Elektron ərizələrin qəbulu başa çatdıqdan 10 təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər II mərhələnin test imtahanının keçirilmə vaxtı və məkanı barədə elektron formada bildiriş göndərilməklə məlumat əldə edirlər. “SABAH” qruplarına tələbələrin qəbulu üzrə müsabiqənin II mərhələsində test imtahanının keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “Test bankı” hazırlanır. Test imtahanı xarici dil və məntiq komponentləri üzrə aparılır. Sözügedən mərhələləri daha yüksək nəticə ilə keçənlər “SABAH” qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər.
 
Savadlı, bacarıqlı və hazırlıqlılar il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan tələbələr arasından seçiləcək
 
Bu qrupa tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. Qruplarda tələbə sayı 15-25 arasında nəzərdə tutulur. Rus və ingilis bölmələri üzrə müsabiqədən keçən tələbələrin sayı az olarsa və qrup formalaşdırılmazsa, onlar öz istəyi ilə “SABAH” qruplarına Azərbaycan bölməsinə qəbul oluna bilərlər. Həmin tələbələrin bir semestr və ya bir tədris ilindən sonra təhsilini ingilis dilində davam etdirmələri üçün şərait yaradılacaq.
Nazirlikdən qeyd edilib ki, qruplar öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açır. Buraya daxil olan tələbələr həm yüksəksəviyyəli təhsil almaq şansı qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaqlar.
 
Xarici ölkə universitetləri ilə mübadilələr, işəgötürənlərlə mütəmadi əlaqələrə böyük önəm veriləcək
 
Dövlət sifarişi ilə və ya ödənişli təhsil almasından asılı olmayaraq, qruplarda oxuyan bütün tələbələr “SABAH” təqaüdləri alacaqlar: “Sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə artırır. Bunu nəzərə alaraq, “SABAH” qruplarında tələbələrin istəklərinə uyğun çevik tədris proqramı tətbiq olunacaq”. Təhsil müddətində xarici ölkə universitetləri ilə mübadilələr, əsas işəgötürənlərlə mütəmadi əlaqələrə böyük önəm veriləcək. “SABAH” qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.
 
52 ixtisasa informasiya- kommunikasiya sahələri üzrə mütəxəssis hazırlığını həyata keçirən istiqamətlər də daxildir
 
“SABAH” qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla, 52 ixtisası əhatə edəcək. Qrupların ixtisaslar üzrə baza ali təhsil müəssisələrinə gəlincə, buraya Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Dillər Universiteti (ADU), Bakı Slavyan Universiteti (BSU) və s. daxildir. 52 ixtisas arasında informasiya- kommunikasiya sahələri üzrə mütəxəssis hazırlığını həyata keçirən istiqamətlər də var. Belə ki, bu ixtisaslara BDU-da “İnformatika müəllimliyi”, “Kompüter elmləri”, “Elektronika, telekommunikasiya  və radiotexnika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, ADPU-da “Riyaziyyat və informatika müəllimliyi” aiddir.
 
Hər bir ixtisasın “SABAH” qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək
 
Hər bir ixtisasın “SABAH” qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək.  Məsələn, “İqtisadiyyat” ixtisası Azərbaycanın paytaxtı və bölgələrini əhatə edən 20 ali təhsil müəssisəsində tədris olunur. Bu ixtisas üzrə baza məktəb kimi Azərbaycan Dövlət İqtisad Universiteti seçilib. “İqtisadiyyat” ixtisası üzrə “SABAH” qrupuna düşmək üçün seçim mərhələlərinə qatılan ən yaxşı 25 tələbə seçiləcək və Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülərək təhsillərini burda davam etdirəcəklər.
 
Seçilmiş ixtisasın ən yaxşı tələbələri və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan
 
Nazirlikdə hesab edirlər ki, “SABAH” qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq. Hər təhsil müəssisəsində belə məkanların sayına gəlincə, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi” olmaqla 3 ixtisas üzrə “SABAH” qrupları yaradılacaq. Azərbaycan Dövlət Neft Akademiyasında isə “SABAH” qrupları “Neft-qaz mühəndisliyi”, “Neft-qaz qurğuları mühəndisliyi”, “Elektroenergetika mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarını əhatə edəcək. “SABAH” qrupları ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq. Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL