waplog

“Azərpoçt” Ukrayna, Rusiya və Belorus ilə təcili elektron pulköçürmə mübadiləsi edəcək


“Azərpoçt” MMC Ukrayna, Rusiya Federasiyası və Belorus ilə təcili elektron pulköçürmə Özbəkistan və Litva ilə isə ilin axırınadək elektron pulköçürmə mübadiləsini həyata keçirəcək.

Artıq Ukrayna və Belorus ilə müvafiq hüquqi sənəd imzalanıb. Təcili elektron köçürmə sistemi Ukraynada sınaqdan keçirilib və yaxın iki ay ərzində işə salınacaq.

Məlum olduğu kimi, bu ölkələr ilə pulköçürmələrin inkişafı üzrə fəaliyyət Ümumdünya Poçt İttifaqının uzunmüddətli layihəsi və Avropa və MDB ölkələri üçün poçtun regional inkişaf planı çərçivəsində həyata keçirilir. Layihə regionun bütün ölkələrinin “STEFİ/İFS/İFS Light” sisteminə qoşulmasını nəzərdə tutur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov layihənin regional koordinatorudur.

Novruz Məmmədovun sözlərinə görə, bu layihə maraqlı olan tərəflər arasında pulköçürmələrin təşkilinin təkmilləşdirilməsi məqsədilə Avropa və MDB-də elektron poçt ödəmə şəbəkəsinin genişləndirilməsi və gücləndirilməsinə yönəldilib. Layihənin icra müddəti 2010-2012-ci illəri əhatə edir.

“Hal-hazırda layihə Azərbaycan, Belorus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Ukrayna və Özbəkistanı əhatə edir. Yaxın bir zamanda Baltikyanı ölkələr, Şərqi Avropa və MDB-nin bəzi ölkələri də bu layihəyə qoşulacaqlar. Ümumdünya Poçt İttifaqının “İFS/STEFİ” proqramları vasitəsi ilə operatorlar tərəfindən təyin olunmuş və elektron poçt ödəmələri şəbəkəsinə daxil olmaq üçün lazımi tələblərin icra edilməsi təmin olunacaq.

Bu isə ölkələrə poçt-maliyyə xidmətlərini inkişaf etməyə kömək edəcək və onlara poçt rabitəsi şöbələrində göstərilən digər maliyyə xidmətlərindən istifadə etmək üçün imkan yaradacaq.

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının məlumatına görə, Ümumdünya Poçt İttifaqının 24-cü Konqresində qəbul edilmiş “Nayrobi” poçt strategiyası poçt-maliyyə xidmətlərinin üstünlüyünü və qlobal poçt ödəmə xidmətlər şəbəkəsinin genişləndirilməsinin vacibliyini təsdiq edib. Dünyanın bütün vətəndaşlarına effektiv, etibarlı, təhlükəsiz və ucuz elektron ödəmə xidmətlərindən istifadə etmək üçün imkanın yaradılması Ümumdünya Poçt İttifaqına üzv ölkələrin iqtisadi və sosial inkişafı üçün çox vacibdir.

Cənab Məmmədovun dediyinə görə, poçt şöbələri şəbəkəsindən istifadə edərkən maliyyə xidmətlərinin göstərilməsi dünyanın iqtisadi və sosial inkişafına böyük kömək edir və həyat səviyyəsinin yüksəlməsində vacib rol oynayır.

“Avropa və MDB ölkələri üçün 2009-2012-ci illər üzrə regional inkişaf planında maliyyə xidmətlərinin inkişafı əsas amil sayılır. Bildiyimiz kimi, region pulköçürmə sahəsində böyük potensiala malikdir. Fiziki şəbəkənin gəlirliyi və elektron ticarətin inkişafı şəbəkənin maliyyə seqmentinin inkişafından asılıdır.

Təyin olunmuş operatorlar düşünürlər ki, iqtisadi böhranın poçt sektoruna mənfi təsirini azaltmaq üçün müştərilərə poçt xidmətlərinin geniş spektrindən istifadə etmək imkanı yaradılmalıdır və xüsusilə poçt ödəmə xidmətləri şəbəkəsi genişləndirilməlidir”.

Qeyd edildiyi kimi, layihə Avropa və MDB ölkələrində regionlar daxilində və regionlar arasında pulköçürmələrin inkişafına yönəldilib. Bu mərhələdə dəhlizlər əsasən Belorus, Qazaxıstan, Rusiya və Ukraynanı MDB-nin digər ölkələri ilə əlaqələndirirlər. Lakin MDB-nin Asiya hissəsində yerləşən bəzi ölkələrin ərazilərində dəhlizlər hələ ki təşkil olunmayıb.

Keçən silsilədə “İFS” tətbiqi proqramı regionun 35%-dan çox ölkəsində (MDB ölkələrinin 91%-i) həyata keçirilmişdir. Hazırkı mərhələdə isə əsas diqqət MDB ölkələrindəki mübadiləyə və Avropa ölkələri ilə mübadilənin yaradılmasına yetiriləcək. İyun ayında Moskva şəhərində yaradılan Ümumdünya Poçt İttifaqının Beynəlxalq maliyyə xidmətləri üzrə regional texniki yardım mərkəzi Ümumdünya Poçt İttifaqının beynəlxalq pulköçürmə sistemlərinin istifadəsində texniki yardım göstərir. Yardım mərkəzi “Rusiya poçtları” əsasında qurulub.

Mərkəzin əməkdaşları Ümumdünya Poçt İttifaqının maliyyə sisteminin tətbiqi və istismarı, proqram təminatının quraşdırılması, texnoloji platformaların qaydaya salınması, yeni dəhlizlərin açılması və yeni ödəmə xidmətlərinin yaradılması ilə bağlı məsələlərdə MDB ölkələrinin və regionun digər ölkələrinin təyin edilmiş poçt operatorlarına yardım göstərirlər.

Ümumdünya Poçt İttifaqının Beynəlxalq maliyyə xidmətləri üzrə regional texniki yardım mərkəzi, həmçinin Ümumdünya Poçt İttifaqının “İFS”, “STEFİ” , “İFSLight” beynəlxalq pulköçürmə sistemlərinin istifadəsində məsləhət və texnoloji yardım göstərir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL