waplog

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) birgə təşkilatçılığı ilə 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın hədəfləri: problemlər, vəzifələr və perspektivlər" elmi-praktiki konfransı keçirilib. İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə dövlət rəsmiləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri iştirak ediblər.
 







Konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov ölkəmizdə informasiya cəmiyyəti quruculuğu istiqamətində aparılan işlər, həyata keçirilən islahatlar və tədbirlərdən söz açıb. Ölkəmizdə son 10 ildə İKT sektorunun inkişaf dinamikasına diqqət çəkən nazir müavini 2003-2013-cü illərdə  İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyətin davam etdirildiyini, son beş ildə ölkənin informasiya texnologiyaları sektorunun təqribən 2 dəfə genişləndiyini və orta illik artım tempinin 17 faiz təşkil etdiyini qeyd edib. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"dan da söz açan nazir müavini xatırladıb ki, sənədin əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, davamlı və dayanıqlı tərəqqinin təmin edilməsində iqtisadi sektor kimi İKT-nin rolunun artırılması, o cümlədən rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, biliklər iqtisadiyyatına keçidin təmin olunmasını reallaşdırmaqdır.

Qeyd edilib ki, Milli Strategiya ilə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın akademik-katibi professor Rasim Əliquliyev informasiya cəmiyyətinin formalaşdırılmasının multidistiplinar elmi-nəzəri problemləri haqqında çıxış edərək, 17 may tarixinin dünyada qeyd edilməsinin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, hər il bütün demokratik ölkələrdə, o cümlədən respublikamızda bu əlamətdar günə həsr olunmuş tədbirlər keçirilir: "İnformasiya cəmiyyətinin əsas məqsədi yaşından, dilindən, dinindən, irqindən, sosial və siyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan asılı olmayaraq, bütün insanların informasiya, bilik  tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini ictimaiyyətə çatdırmaqdan ibarətdir. Cari ildə bu gün "Dayanıqlı inkişaf naminə genişzolaqlı şəbəkə" devizi ilə qeyd olunur. Müasir dövrdə bütün dünyada olduğu kimi, ölkəmizdə də minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir".
 
İTİ direktorunun sözlərinə görə, bu sahədə artıq bir sıra nailiyyətlər əldə edilib, mühüm layihələr həyata keçirilib: "Cari il aprel ayının 2-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nı təsdiq etməklə bu sahədə növbəti mərhələnin əsasını qoyub. İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, "elektron hökumət"in inkişafı,  informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi və s. bu strategiyanın əsas istiqamətləridir".
 
Mayın 16-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın hədəfləri: problemlər, vəzifələr və perspektivlər" elmi-praktiki konfransının məqsədi məhz ölkəmizdə həyata keçirilən informasiya cəmiyyəti quruculuğunun elmi-nəzəri, texnoloji, inzibati, hüquqi, iqtisadi, sosial və mədəni aspektlərini müzakirə etməkdir.
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Zeynalov İKT sahəsində sahibkarlığın inkişafı haqqında danışdı. O,  innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin, elm tutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların dünya bazarlarına çıxışına dəstək verən tədbirlərin genişləndirilməsinin vacibliyini önə çəkdi.
Konfransda, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz və digərləri çıxış edərək Azərbaycanda İKT sahəsinin gələcək inkişafı, perspektivdə görüləcək işlər, əsas problem, hədəf və vəzifələrdən söz açdılar.
 

 





















Tədbirin sonunda ali məktəb tələbələri arasında keçirilən informatika üzrə ümumrespublika olimpiadası qaliblərini mükafatlandırma mərasimi keçirildi.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL