Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin ilkin versiyasının təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə yaradılmış informasiya sisteminin ilkin versiyasının təqdimatı olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin müəyyən olunması və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi sisteminin tam avtomatlaşdırılmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb:
“Əsas məqsəd bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına, şəffaflığın təmin olunmasına, bununla bərabər, tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir”.
Nazir bildirib ki, vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formaları (88 nömrəli forma) səhiyyə müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron məlumat mübadiləsi sistemi vasitəsilə göndəriləcək. Eyni zamanda, əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri barədə məlumatlar TSEK-lər tərəfindən yeni proqram təminatı vasitəsilə elektron yolla informasiya sisteminə daxil ediləcək: “Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə artıq ehtiyac qalmayacaq. Çünki vətəndaş TSEK-in əlillik təyinatı barədə məlumatı əks etdirən kağız formasında arayışını hansı təşkilata təqdim etməlidirsə, müvafiq məlumat həmin təşkilata elektron yolla göndəriləcək. Yəni əlillik təyin olunması barədə məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla, həm də operativ şəkildə göndərilməsi təmin olunacaq”. Nazir tibbi-sosial ekspertiza xidməti əməkdaşlarına yeni proqram təminatı ilə işləmək bacarıqlarının aşılanması üçün Bakı şəhərində, respublikanın rayon və şəhərlərində treninqlərin keçirildiyini qeyd edib.
Nazirliyin Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov yeni informasiya sisteminin məzmunu, texniki imkanları, onlardan istifadə qaydaları, məlumat mübadiləsini həyata keçirmək üçün lazımi prosedurlar barədə ətraflı praktik məlumatlar verib.
Tədbirdə qeyd olunan proqram təminatının ilkin versiyasına dair müzakirələr aparılıb, təkliflər verilib. Verilən tapşırıqlara, səslənən təkliflərə uyğun olaraq proqram təminatının təkmilləşdirilməsi işlərinin qısa vaxtda başa çatdırılması və yeni informasiya sisteminin geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL