waplog

Qiymətli kağızlar bazarına nəzarətin həyata keçirilməsi məqsədilə informasiya sisteminin inkişafı və sistem üzrə məlumatların toplanması prosedurları hazırlanıb


Bu gün Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) institusional inkişafı” “Tvinninq” layihəsinin tamamlanmasına həsr olunan tədbir keçirilib.
 
Tədbirdə QKDK sədri Rüfət Aslanlı Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf meyilləri, o cümlədən son illərdə bu istiqamətdə aparılan islahatlar barədə ətraflı məlumat verib.
 
O, “Tvinninq” layihəsi çərçivəsində görülən işlərə toxunaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrasının təmin olunmasında layihə tərəfindən geniş dəstəyin göstərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Komitə sədri qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınmaqla hazırlanan “Qiymətli kağızlar bazarı haqqında” Qanun layihəsinin və yeni qanunaltı normativ hüquqi bazanın yaradılmasının, qiymətli kağızlar bazarında tənzimləyici və nəzarət bacarıqlarının artırılmasının, peşəkar bazar iştirakçılarının məlumatlılığının səviyyəsinin artırılmasının, həmçinin yeni qəbul olunan və ya dəyişikliklər edilən qiymətli kağızlar bazarını tənzimləyən normativ aktlar və onların icra mexanizmi barədə məlumatlandırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb.
 
Bildirilib ki, qiymətli kağızlar bazarına nəzarət edilməsi istiqamətində Komitə əməkdaşlarının potensialının gücləndirilməsi və QKDK-da daxili iş prosesinin tənzimlənməsi üzrə tövsiyələr və təkliflər, eləcə də Aİ-nin müasir standartlarına uyğun olaraq yerli qiymətli kağızlar bazarının tənzimlənməsi və bazara nəzarətin həyata keçirilməsi məqsədi ilə 5 yeni təlimat hazırlanıb. Qeyd edilib ki, bazara effektiv nəzarətin həyata keçirilməsi məqsədi ilə informasiya sisteminin inkişafı və sistem üzrə məlumatların toplanması, inzibati və təhlükəsizliklə əlaqədar   prosedurlar, texniki dəstək və əməliyyat prosedurlarının hazırlanması üzrə müvafiq məlumatların toplanılması mexanizmləri işlənib hazırlanıb və bu istiqamətdə müvafiq tövsiyələr verilib. 
 
 
Sonra Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardın çıxış edərək, müxtəlif sahələr üzrə ölkəmizlə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. M.Mardın qiymətli kağızlar bazarı üzrə “Tvinninq” layihəsinin tamamlanmasına baxmayaraq, layihənin gələcəkdə QKDK ilə münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına yeni təkan verdiyini qeyd edib. M.Mardın “Tvinninq” layihəsinin Avropa İttifaqının prinsiplərinə uyğun həyata keçirildiyini qeyd edərək qarşıya qoyulan məqsədə nail olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Mixal Labenda isə bildirib ki, dinamik iqtisadi inkişaf göstəricilərinə malik Azərbaycan ilə Polşa arasında əməkdaşlıq əlaqələri mühüm önəm daşıyır. O, “Tvinninq” layihəsinin bu istiqamətdə xüsusi yeri olduğunu vurğulayaraq əlavə edib ki, gələcəkdə də Azərbaycanla işgüzar əməkdaşlıq münasibətlərini daha geniş müstəvidə inkişaf etdirmək niyyətindədirlər.
 
Tədbirdə Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən layihə rəhbəri xanım İlona Pijinska-Çerni və layihə rəhbərinin müavini xanım Coanna Lipovçanın “Layihənin nailiyyətləri” mövzusunda təqdimatlar ediblər.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL