Aztəminatlı insanların “Elektron hökumət”ə imkanlı təbəqədən daha çox ehtiyacı var
Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "AzərTAc" informasiya agentliyinə açıqlamasında bildirib.
- Elektron xidmətlərin genişləndirilməsi, xüsusən də bu xidmətlərin əlçatanlığının təmin edilməsi istiqamətində əsas hədəflər hansılardır?
- "Elektron hökumət" və elektron xidmətlər yalnız dövlətlə vətəndaş, eyni zamanda kiçik və orta həcmli müəssisələr arasında rabitə vasitələri deyil, həm də yoxsulluğun və işsizliyin azaldılması üçün real platformalardır. Biz elə etməliyik ki, "Elektron hökumət" xidmətləri xalqın əsasən aztəminatlı təbəqəsinin, azgəlirli insanların evinə gedib çata bilsin. Bu kateqoriyadan olan insanların "Elektron hökumət"ə imkanlı təbəqədən daha çox ehtiyacı var.
Ölkəmizdə "Elektron hökumət"in hədəflərindən biri də Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, korrupsiya ilə mübarizə aparmaq, bürokratik əngəllərdən qurtulmaq, bütün insanların bu xidmətlərdən yararlanmasını təmin etməkdir və bir daha qeyd edim ki, bunun üçün ilk növbədə bütün vətəndaşların, əsasən də aztəminatlı insanların bu xidmətlərdən yararlanmasını təmin etməklə gözlənilən nəticələri əldə etmək mümkün olar. Məlum olduğu kimi, informasiya cəmiyyətinin quruculuğu üzrə ikinci strategiya qəbul edilib. Ölkədə 2020-ci ilə qədər bütün bu xidmətlərin internet vasitəsilə hamı üçün əlçatan olması hədəflənir. Azərbaycanda "Elektron hökumət" proqramı iki istiqamətdə həyata keçirilir. Birincisi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Elektron hökumət" portalı vasitəsilə dövlət orqanlarının öz saytlarında yaratdıqları elektron xidmətlərin vahid pəncərə üsulu ilə təqdim olunmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir və qalan xidmətlərin də tam təqdim olunması əsas məqsədlərimizdəndir.
İkinci məsələ bu xidmətlərin vətəndaş və iş adamlarına, o cümlədən ucqar kənd yerlərində əlçatan olmasını təmin etməkdir. Bu da infrastruktur məsələsidir. İndi ölkəmizdə fiber-optik şəbəkənin qurulması üzrə "Genişzolaqlı İnternetin İnkişafı" layihəsi əsasında işlər davam etdirilir və layihə 2017-ci ildə başa çatacaq. 2017-ci ilin sonuna kimi Azərbaycan əhalisinin 85 faizi, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə 100 meqabit/saniyəyə çatdırılacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL