İzmirdə keçirilən “Elmdə və texnologiyada qadınlar” beynəlxalq konfransında Azərbaycan qadınları ilə bağlı geniş məlumat verilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva Türkiyənin İzmir şəhərində keçirilən “Elmdə və texnologiyada qadınlar” beynəlxalq konfransında iştirak edir.
Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası, Türkiyə Elmlər Akademiyası, Ümumdünya Elm Akademiyaları Şəbəkəsi və Egey Universitetinin təşkil etdiyi konfransda o, “Postmodern: qadın mövzusu” adlı məruzəsi ilə çıxış edib. Fəlsəfə və Hüquq İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xanım Muxtarova qeyd edib ki, R.Rzayeva məruzəsində postmodernizm, onun müasir cəmiyyətə və şüura göstərdiyi təsir kontekstində qadın mövzusundan danışıb.
O, ictimai, iqtisadi və mədəni sahələrdə olduğu kimi, elmin inkişafında da qadınların müstəsna rol oynadığını, Azərbaycanda elmi işçilərin yarısından bir qədər çoxunu qadınların təşkil etdiyini dilə gətirib. Azərbaycanlı alim qadınların elmi fəaliyyətinin ölkənin iqtisadi şəraiti, elmi-texniki inkişafının ümumi səviyyəsi, sosial-mədəni ənənələri və qanunvericilik sistemindən asılı olduğunu da vurğulayıb. R.Rzayeva müasir dövrdə müxtəlif ölkələrdə fəaliyyət göstərən qadın alimlərin elmi nəşrləri haqqında məlumatları ehtiva edən xəritəni nümayiş etdirib.
Məruzəçi Azərbaycan qadınlarının ölkənin ictimai-iqtisadi və siyasi həyatında, o cümlədən elmdə təmsil olunması ilə bağlı statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Qərb ölkələri ilə müqayisədə, 1918-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini bildirib. R.Rzayeva Azərbaycanda müxtəlif sahələrdə çalışan əmək qabiliyyətli əhali arasında qadınların təşkil etdiyi faiz göstəricilərindən danışarkən, bu rəqəmlərin günü-gündən artdığını söyləyib. O, bu istiqamətdə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini qeyd edib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL