waplog

Bakıda yol nişanlarının alternativ enerji ilə işıqlandırılmasına başlanıldı


Bir neçə gündür ki, Bakıda küçə və yollarda yol nişanlarında işıqlandırma sistemi quraşdırılır. Nişanların gecələr işıqlandırılmasını Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” müəssisəsi həyata keçirir. Həmin nişanlar Dövlət Statistika Komitəsinin, Milli Təhlükəsizlik Nazirliyinin binalarının qarşısında quraşdırılıb. Bakı-Sumqayıt yolunda da bu nişanların quraşdırılmasına başlanılıb. Parlament prospektində yerləşən 20 nömrəli məktəbin qarşısında bu gün quraşdırılan nişanlara da rast gəlinib.
 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, Günəş batareyaları ilə işləyən nişanlar gecələr normal qaydada işıqlanır ki, bu da piyada və sürücülər üçün faydalıdır. Yeni qurğuların quraşdırılmasının davamlı olacağını deyən Kamran Əliyevin sözlərinə görə, bu proses bütün ölkə üzrə həyata keçiriləcək. Lakin işlərin nə vaxt başa çatdırılacağı dəqiq məlum deyil.
 
Paytaxtın 70 faizə qədərində bu nişanların tətbiqi 2015-ci ilin əvvəllərinə qədər tam başa çatdırılacaq. Hələlik isə bu nişanlar piyadaların və sürücülərin daha intensiv hərəkət etdiyi küçə və yollarda quraşdırılır. Həmin nişanlar işıq diodları və Günəş mini-stansiyaları ilə təchiz edilib. Gün ərzində toplanmış enerji sayəsində sutkanın qaranlıq vaxtında nişanlar işıq saçır. Bunun sayəsində də gecə vaxtı yol nişanları sürücülərin diqqətindən qaçmayacaq.
 
Günəş enerjisi ilə işləyən yol nişanı o deməkdir ki, həmin nişan Günəş enerjisini elektrik enerjisinə çevirən panellərlə təchiz olunub və bunun hesabına gündüz vaxtı həmin nişanın batareyalarına yığılan enerji qaranlıq vaxtı bu nişanı içəridən işıqlandırır. Dünyanın bəzi dövlətlərində belə nişanlardan istifadə olunur. Özü də belə nişanları daha çox piyada keçidlərində, velosiped yollarının avtomobil yolları ilə kəsişmələrində tətbiq edirlər.
 
Məsələ bundadır ki, yalnız sürücülər üçün nəzərdə tutulan nişanların ənənəvi qaydada olması heç bir problem yaratmır. Çünki həmin ənənəvi nişanlar işıqqaytarıcı səthə malik olduğundan işıq mənbəyindən, o cümlədən avtomobilin farasından azacıq da olsa işıq düşdükdə zəruri məsafədən aydınca görünür. Piyada keçidlərində və velosiped yollarının kəsişmələrində isə işıqlanan nişanlar daha faydalıdır. Çünki onu özündə hər hansı işıq mənbəyi olmayan piyadalar və velosipedçilər də yaxşı görə bilirlər. Digər tərəfdən, normal və təhlükəsiz hərəkət şəraiti yaradılması üçün piyada keçidi və velosiped yollarının kəsişmələri qaranlıq vaxtı mütləq işıqlandırılmalıdır. Ona görə də məhz piyada keçidlərinə və velosiped yolları ilə kəsişmələrə Günəş enerjisi ilə işləyən nişanların qoyulmasını təqdirəlayiq saymaq olar. 
 
RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL