waplog

Sumqayıt Texnologiyalar Parkının bütün müəssisələri yüksək texnologiya ilə təchiz edilib


Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyakayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. Rusiyalı qonaqlara məlumat verilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır.
 
 
Gələcəkdə Cənubi Qafqazda unikal istehsalat kompleksi olan STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı 10 min nəfərdən çox olacaq. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, sonra qonaqlar STP-nin kabel zavodunda, mis və alüminium çubuqların istehsalı sexində, plastik borular, isti sinkləmə, yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları istehsal edən müəssisələrdə, elektron cihazlar, metal konstruksiya zavodlarında, Dəqiq Emal Mərkəzində olublar. Polimer zavodunda qonaqların diqqətinə çatdırılıb ki, ümumi sahəsi 2,8 hektar olan zavod hazırda 25 istehsal xəttinə malikdir.
 

Onların hər biri saatda 1300 kiloqram polietilen boru emal edir. Zavod hər gün yüksək təzyiqə davamlı və korroziyaya uğramayan 396 ton polietilen boru istehsal edə bilir. Qaz və su təchizatında, kanalizasiya xətlərinin çəkilməsində və digər məqsədlər üçün istifadə olunan bu borulara ölkəmizdə və beynəlxalq bazarlarda böyük tələbat var. Rusiya nümayəndə heyətinə zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanıb.
 
 
Sumqayıt Texnologiyalar Parkı qonaqlar tərəfindən maraqla qarşılanıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL