waplog

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ictimaiyyətə təqdim olundu


Azərbaycan Respublikası Prezidentin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) ictimaiyyətə təqdim olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirdə İlham Əliyevin ölkədə makroiqtisadi sabitliyi və sürətli sosial-iqtisadi tərəqqini təmin edən uğurlu siyasətində işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasının mühüm yer tutduğunu vurğulayıb:
 
“Bunun daha bir təsdiqi kimi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə cənab Prezident tərəfindən 2014-cü il 3 fevral tarixli Fərman imzalanmışdır. Fərman Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açmış, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn və işçinin gələcək sosial təminat hüququnu sual altında qoyan, qeyri-leqal məşğulluq hallarına gətirib çıxaran stereotiplərin aradan qalxmasına, əmək bazarına  dövlət nəzarətinin xeyli güclənməsinə şərait yaradıb”.
 
 
Nazir bildirib ki, fərmana əsasən, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız əmək müqaviləsinin bağlanması deyil, bağlanmış əmək müqaviləsi barədə bildirişin EİS-də qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi əsas şərt kimi irəli sürülür: “Bununla da əmək münasibətlərinin elektron qeydiyyatı mexanizmi formalaşdırılır ki, bu da işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinin, həmin müqavilədə əmək münasibətləri üçün müəyyən edilən şərtlərə əməl olunmasına birbaşa və çevik formada dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır”.   
 
S.Müslümov fərmanda verilən tapşırığa uyğun olaraq, ƏƏSMN tərəfindən EİS-in proqram təminatının hazırlandığını və sınaq işləri nəticəsində təkmilləşdirildiyini, işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə asan formada EİS-ə daxil edə bilmələri və 1 iş günündən gec olmayaraq qeydiyyatdan keçirmələri üçün bütün texniki imkanların yaradıldığını bildirib: “Eyni zamanda, fərmana uyğun olaraq, nazirlik əmək müqaviləsi bildirişinin formasının və onun EİS-ə daxil edilməsi qaydalarının, həmin bildirişin qeydiyyata alınması barədə işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişi barədə məlumatların real vaxt rejimində əldə olunması ilə bağlı qaydaları hazırlayaraq respublika hökumətinə təqdim edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə həmin Qaydalar təsdiq olunub”. 
 
Qaydaların hazırda ƏƏSMN-in rəsmi “www.mlspp.gov.az” saytında yerləşdirildiyini qeyd edən nazir bildirib ki, qaydalara həmçinin 8 Əlavə təqdim olunur. Həmin Əlavələrdə əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları və s. əksini tapır: “Bununla yanaşı, Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya kodu (FİN) barədə məlumatlar da əlavə edilməlidir. Həmçinin işəgötürən barədə məlumatlara sığortaedənin uçot nömrəsinin (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodunun və ya fərdi identifikasiya nömrəsinin (FİN) əlavə edilməsi tələb olunur. Həmin məlumatlar  əmək müqaviləsi bildirişlərinin EİS-ə daxil edilməsini asanlaşdıracaq. Digər tərəfdən, burada məlumatların təhlükəsizliyi təmin olunur. Hər hansı işçi və işəgötürən barədə məlumatlar heç də hamı üçün açıq deyil. İşəgötürən və işçi yalnız özlərinə aid məlumatları sistemdə görə biləcək, onların digər şəxslər barədə məlumatı görmək imkanları olmayacaq”.
 
Bu sahədə aparılan islahatların əmək bazarına dövlət nəzarətinin səmərəli və çevik formada təşkilinə xidmət etdiyini bildirən S.Müslümov həmçinin əsas məqsədin işçilərin əmək hüquqlarının təminatına nəzarət imkanlarının artırılması, qeyri-leqal əməyin qarşısının alınması olduğunu bildirib: “Bağlanmış bütün əmək müqavilələri barədə məlumatlar artıq ƏƏSMN-in elektron informasiya sistemində yerləşəcək və həm işəgötürənin, həm də işçinin bu müqavilələrdə müəyyən olunmuş öhdəliklərdən yayınmaları mümkün olmayacaq. Eyni zamanda, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas formalaşacaq”.
 
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və başqaları çıxış edərək əmək münasibətlərinin rəsmiləşdirilməsinin EİS-də qeydiyyata alınması prosesinə keçidi Azərbaycanda əmək hüquqlarının təminatı sahəsində uğurlu islahat tədbiri kimi dəyərləndiriblər. Onlar sistemin həm işçilərin, həm  işəgötürənlərin, həm də dövlətin maraq və mənafeləri baxımından xüsusi önəmini vurğulayıb, hər bir işəgötürənin ölkəmizdə müasir cəmiyyət quruculuğuna uyğun olaraq həyata keçirilən bu prosesdə üzərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirəcəyinə əminliklərini ifadə ediblər.
 
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev yeni sistem barədə ətraflı məlumat verib. ƏƏSMN Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini təqdim edib. Təqdimat zamanı  əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi proseduru əyani şəkildə nümayiş etdirilib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL