İKT üzrə 11 layihə qismən maliyyələşdiriləcək
Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb. Nəticələrdən bəlli olub ki, nazirlik informasiya-kommunikasiya texnologiyaları ilə dolayısı və birbaşa bağlı olan 11 layihəni qismən maliyyələşdirəcək.
Öncə qeyd edək ki, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayının 17-dən fevral ayının 17-dək adıçəkilən nazirlik tərəfindən bir sıra istiqamətlər üzrə müsabiqə elan olunub. Bu istiqamətlərə "gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği", "gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi", "gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi", "gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş", "özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak" və sairə aid olub. Müsabiəqəyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim edib. 10 qeyri-hökumət təşkilatı gənclər təşkilatı olmadığından onların layihələri baxılmadan geri qaytarılıb. Ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilib və öyrənilib.
Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2.020.559 manat və 115.000 avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasını nəzərdə tutan yarımbəndlərdə də informasiya-kommunikasiya texnologiyaları ilə əlaqədar bir sıra istiqamətlər öz əksini tapıb. Onlara da "Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi", "Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması" "İnternet jurnalistikası üzrə təlimlərin təşkili", "Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi" və sairə daxildir.
Gənclər və İdman Nazirliyi bu il üzrə İKT ilə bağlı olan aşağıdakı layihələri maliyyələşdirəcək:
-
"İnformasiya texnologiyalarının gənclərin müasir həyatında rolu"
-
"İKT inkubatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması - I hissə"
-
"İnteraktiv təhsil metodlarının təlimləri"
-
"Qarabağ - İKT məktəbi" gənclər arasında Qarabağ mövzusunda informasiya texnologiyalarından faydalı istifadənin təbliği"
-
"Region gənclərinin informasiya-kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi"
-
"İnternet Məktəbi" - gənclərin İKT biliklərinin inkişafı
-
"Məcburi köçkün gənclərin informasiya texnologiyalarından səmərəli istifadəsinin təbliği"
-
"Regionlarda gənclərin asudə vaxtlarının intellektual oyunlar vasitəsi ilə təşkili"
-
"Azərbaycan Qəhrəmanları. Virtual Bələdçi-Cild-2"
-
"Gənclərin hüquqi maairfləndirilməsində innovativ metodların vasitəsi ilə dəstək"
-
"Azərbaycanda "HIV/AIDS" mövzusunda gənclər üçün ilk innovativ veb-səhifənin idarə olunması"
Qeyd edək ki, layihələrin icrası ilə əlaqədar olaraq gələn ayın 1-dən etibarən gənclər təşkilatları ilə müqavilələrin bağlanmasına başlanılacaq.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL