“AMEA-nın eksperimental texnoparkı” elmi-texniki proqramı işlənilib hazırlanacaq
"Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" AMEA-nın ümumi yığıncağında təsdiq edilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsi üçün zəmin yaranıb.
Dövlət başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilib. Konsepsiyada elmi potensialın inkişafı və ondan ölkəmizin tərəqqisi üçün istifadə mühüm məqsəd kimi qarşıya qoyulub.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" məhz həmin sənəddəki məqsəd və vəzifələrdən irəli gəlir.
Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev nəzərə çatdırıb ki, konsepsiyada elmin inkişafının dövlətin vacib vəzifələrindən biri kimi müəyyən edilməsi, elmi tədqiqat müəssisələrində və ali məktəblərdə həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması, regionlarda elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, texnoparklar şəbəkəsinin genişləndirilməsi kimi mühüm məsələlər öz əksini tapır.
Sənəddə AMEA-nın infrastrukturunda fəaliyyət göstərən funksional xidmətlərin metodik və maddi-texniki bazasının yaradılması, elmi məhsulun qiymətləndirilməsi və satılması, intellektual mülkiyyətin beynəlxalq bazara çıxarılması kimi aktual məsələlərdən də bəhs edilir. Qeyd olunur ki, elmi-texniki siyasət dövlət strukturları, sənaye birlikləri, bank kapitalı və kiçik biznes nümayəndələrinin iştirakı ilə müəyyənləşdirilməli və həyata keçirilməli, həmçinin elmin informasiya təminatını inkişaf etdirmək məqsədi ilə elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələr işinin inkişafı sürətləndirilməlidir.
Bundan əlavə, "AMEA-nın eksperimental texnoparkı" elmi-texniki proqramı işlənilib hazırlanmalı, elmi avadanlığın yenilənməsi üzrə dövlət proqramı qəbul edilməli, elm və istehsalın inteqrasiyasını reallaşdırmaq üçün "elm və sənaye" müştərək layihələrini maliyyələşdirən xüsusi qrant fondu yaradılmalıdır.
Akademiyanın ölkədə beynəlxalq elmi layihə və proqramlarını həyata keçirən mərkəz kimi formalaşdırılması da konsepsiyada vacib məsələlərdən biri kimi irəli sürülür. Sənəddə alimləri tədqiqatlara daha da həvəsləndirmək niyyəti ilə dövlət tərəfindən yaradılan təqaüd və qrant imkanlarının artırılması, dünyanın aparıcı elmi müəssisələrində araşdırmalar aparmaq imkanlarının genişləndirilməsi, həmçinin alim və mütəxəssislər üçün normal həyat səviyyəsinin təmin edilməsi məqsədi ilə müəssisə və ipoteka mənzili tikintisi proqramının həyata keçirilməsi də nəzərdə tutulur.
Yığıncaqda konsepsiyanın müddəalarının icrası ilə əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsi qərara alınıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL