waplog

“Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir”


Dövlət Sosial Müdafiə Fondu Zərdabda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat keçirib. Sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə təşkil olunan tədbirdə DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin hər biri barədə geniş məlumat verilib.   

 “Elektron hökumət” portalının statistikasına əsasən, telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn 6 xidmət məhz DSMF-nın göstərdiyi elektron xidmətlərə aiddir.
 
Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. Zərdab, Ağcabədi, İmişli, Beyləqan, Saatlı, Ucar, Kürdəmir, Xocavənd, Füzuli, Cəbrayıl və Laçın rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçıların iştirak etdiyi “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat mərasimində “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyəti vurğulanıb və bildirilib ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir.
 
Bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. DSMF-nın şöbə müdiri Famil Qədimov öz çıxışında qeyd edib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir.
 
Fondun mərkəzi məlumat bazasında 1 milyon 282 min nəfərədək pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur.
 
F. Qədimov vurğulayıb ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. Bununla yanaşı, DSMF-nın yerli şöbələrində öz hesabatlarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq məlumat almaq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablamaq imkanı əldə edir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 “Çağrı Mərkəzi”nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. DSMF-nın elektron xidmətlərindən biri də məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları “www.e-gov.az” saytında yerləşdirilib.
 
Təqdimat mərasimində DSMF-nın informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətləri barədə təqdimatla çıxış edərək, hər bir xidmət barədə ətraflı məlumat verib.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL