waplog

Azərbaycanda müasir texnologiyalara əsaslanan sənaye parkları, istehsal müəssisələri yaradılır


Ölkə başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, Azərbaycanda rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir.

Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir.
 
 
Eyni zamanda “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, ölkəmizin sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərini təşkil edir.
 
 İlk belə məlumat turu Sumqayıt şəhərində yerləşən müəssisələrə təşkil edilib. Media nümayəndələri əvvəlcə “Gilan” Tekstil Parkında olublar. Parkın ərazisində yerləşən 3 fabrikin tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 milyon manat güzəştli kredit ayrılıb.
 
 
“Gilan” Tekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Sumqayıt Kimya Sənaye Parkında da KİV nümayəndələri üçün təqdimat keçirilib, videoçarx nümayiş olunub.
 
 
Azərbaycanda yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafına töhfə vermək, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarlığı dəstəkləmək, ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətini, idxalı əvəz edən məhsulların istehsalını artırmaq, investisiyalar və müasir texnologiyalar cəlb etmək məqsədilə yaradılan parkın fəaliyyəti üçün 295,5 ha sahə ayrılıb. Ərazi 2 hissədən - inzibati-sosial və sənaye zonalarından ibarətdir.
 
Sənaye Parkının ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azaddır. Artıq “Azərtexnolayn” MMC və “SOCAR Polymer” MMC-yə rezident statusu verilib.
 
Sonra KİV nümayəndələri ərazidə aparılan tikinti işləri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azərtexnolayn” MMC-nin Polad Boru Zavodu ilə tanış olublar. “Azərsun Sənaye Parkı”na gəlincə, müəssisədə istehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilib. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə də seçilir.
 
 
Qeyd edək ki, “Sənaye ili” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən digər sənaye müəssisələrinə də məlumat turlarının təşkili nəzərdə tutulur.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL