waplog

Naxçıvanda tədrisdə informasiya-kommunikasiya texnologiyalarından istifadəyə həsr olunmuş Beynəlxalq simpozium keçirilib


Naxçıvan Dövlət Universitetində (NDU) "Elektron Naxçıvan – 9: informasiya-kommunikasiya texnologiyaları və tədris" mövzusunda Beynəlxalq simpozium keçirilib.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları, təhsil nazirlərinin, türkiyəli qonaqların iştirak etdikləri beynəlxalq simpoziumdan əvvəl elektronika, memarlıq və rəsm sərgilərinə baxış keçirilmiş, elektronika sərgisində nümayiş olunan, universitetin memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələrlə tanışlıq olub.

Müəllim və tələbələrin əl işləri, rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgi də maraqla qarşılanıb. Beynəlxalq simpoziumu giriş sözü ilə universitetin rektoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin İKT-nin inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda qazanılan uğurlar barədə danışıb.

Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Elektron təhsil şəbəkəsi, elektron kitabxananın yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili bu mühüm məqsədə xidmət edir. Sonra universitet televiziyasının hazırladığı "Elektron Naxçıvan" sənədli filmi nümayiş etdirilib. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutu canlı bağlantı vasitəsilə beynəlxalq simpoziuma qoşularaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi dəstəyi və bilavasitə rəhbərliyi ilə 2005-ci ildən həyata keçirilən ənənəvi "Elektron Naxçıvan" layihəsinin reallaşmasında AME-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Təhsil Nazirliyinin rolundan, layihənin əhəmiyyətindən danışıblar.
 

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənın və çoxsaylı kollektivin simpozium iştirakçılarına salamlarını çatdırıb. Akademik İsa Həbibbəyli məruzəsində "Elektron Naxçıvan" hərəkatını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun milli düşüncə, dövlətçilik təfəkkürü, humanitar və informasiya texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi kimi dəyərləndirib. AMEA-nın vitse-prezidenti son bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında İKT-nin inkişafı, müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını bildirərək "Elektron Naxçıvan" hərəkatının humanitar-siyasi əhəmiyyətindən də danışıb. Qeyd olunub ki, humanitar siyasətlə texniki düşüncənin vəhdəti XXI əsrin yeni təfəkkürlü, müasir insanının formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
 

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov ümummilli lider Heydər Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi inkişaf etdirilməsi istiqamətindəki xidmətlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin uğurlarını simpozium iştirakçılarının diqqətinə çatdırıb.
 

Bildirilib ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmış, 2013-cü ilin hesabatında "İKT-yə dəstəkdə hökumətin uğurları" və "Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət" indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer alıb.
 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" bu sahədə qarşıda duran vəzifələrin həlli, daha genişmiqyaslı işlərin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 

Son on ildə Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrdən bəhs edən nazir bildirib ki, bu gün muxtar respublikanın telekommunikasiya sisteminin 60 faizini "NGN" texnologiyasına əsaslanan yeni nəsil telekommunikasiya sistemləri təşkil edir. Hazırda yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində simsiz internet xidmətləri göstərilir. Naxtel simsiz telekommunikasiya sistemi 27 baza stansiyası vasitəsilə muxtar respublikanın ərazisinin 85 faiz əhatə edir.
Naxçıvan Muxtar Respublikasında "Elektron hökumət" portalı qurulmuş, 34 dövlət orqanının xidmətləri portala daxil edilib. Yüksək sürətli informasiya mübadiləsini təmin etmək məqsədilə fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilmiş, muxtar respublikanın optik şəbəkəsi TransAsiya-Avropa beynəlxalq fiber-optik magistralına qoşulub. Ali Məclisin Sədrinin tapşırıq və dəstəyi ilə muxtar respublikada sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi informasiya-kommunikasiya texnologiyalarının inkişafı bundan sonra da uğurla davam etdiriləcəkdir.
 

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Zahid Mehdiyev məruzəsində ölkəmizdə İKT-nin inkişaf göstəriciləri barədə məlumat verib.
 

Qeyd olunub ki, bu gün ölkəmizdə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə çatıb. Azərbaycan internet istifadəçilərinin sayına görə MDB ölkələri arasında birinci yerdədir. Ölkədə e-xidmətlərin tətbiqi genişlənir, e-hökumət portalı fəaliyyət göstərir, e-imzanın tətbiqi gündən-günə artır.
 

Məruzəçi blokada şəraitində magistral informasiya kanallarına çıxış imkanlarının məhdud olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasında İKT sektorunun sürətlə inkişaf etdirilməsindən danışmış, bu inkişafın region ölkələri üçün nümunə olduğunu vurğulayıb.

Türkiyə Respublikası İğdır Universitetinin prorektoru, professor Mehmet Farik Yılmaz iki qardaş ölkənin ali məktəbləri arasında İKT sahəsində bilik və təcrübə mübadiləsinin əhəmiyyəti, təmsil etdiyi universitetdə müasir texnologiyalardan istifadə imkanları barədə məlumat verib.

Beynəlxalq simpoziumda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi, ən müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılıb.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə Koreya Respublikasının Kiber Universitetinin professoru, LİX proqramının rəhbəri Skot Jeong, İspaniyanın Malaqa Universitetinin əməkdaşı, "Erasmus Mundus" layihələrinin koordinatoru Xuan Antonio Martin-Checa, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universitetinin prorektoru Emin Yaqubov, beynəlxalq informasiya üzrə əməkdaşlıq və layihələr şöbəsinin müdiri Daniil Yuryev, İnformasiya Hesablama Mərkəzinin direktoru Maksim Barabanov beynəlxalq simpoziuma qoşulmuş, virtual əlaqələrin inkişafı, İKT-nin geniş imkanlarından birlikdə faydalanmaq barədə konkret təkliflərlə çıxış ediblər.

"Elektron Naxçıvan – 9: informasiya-kommunikasiya texnologiyaları və tədris" mövzusunda Beynəlxalq simpoziumu NDU-nun incəsənət fakültəsinin müəllim və tələbələrinin konsert proqramı ilə başa çatıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL