ÜPİ-nin Qəyyumlar Heyətinin iclasları sona çatıb
İsveçrənin Bern şəhərində keçirilmiş ÜPİ-nin QSF (Quality Servise Fund) üzrə Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) iclasları sona çatıb.
İclaslara sədrlik bu dəfə Hindistan nümayəndəsi tərəfindən yerinə yetirilib.
Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov iştirak edib. Məlum olduğu kimi, Azərbaycan bu orqanın üzvüdür və N.Həmidov adlı olaraq BoT-yə seçilib.
BoT-nin toplantısında baxılmış əsas məsələlər arasında dünya ölkələrinin poçt administrasiyaları tərəfindən poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hazırlanıb ÜPİ Katibliyinə təqdim olunmuş layihələr, bu layihələrin həyata keçirilməsi üzrə yekun hesabatlar, həmçinin tətbiqi sona çatmış layihələrin ÜPİ ekspertləri tərəfindən aparılmış qiymətləndirmə işləri üzrə hesabatlar və digər sənədlər baxılıb müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Azərbaycanın bu yaxınlarda ÜPİ-yə təqdim etdiyi “Beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi” adlı yeni layihəsi də baxılaraq müəyyən dəyişikliklərlə təsdiq edilib.
Toplantıda ÜPİ-nin Beynəlxalq Bürosu tərəfindən də maraqlı təqdimatlar iştirakçıların nəzərinə çatdırılıb. Bunlardan biri də gələcəkdə QSF layihələrinə oxşar olaraq “Poçt Karbon Layihələri” adlanan yeni layihələrin hazırlanması üzərində iş aparılması haqqında oldu.
Bununla əlaqədar olaraq xüsusi fondun – “Poçt Karbon Fondu”nun (Postal Carbon Fund - PCF) yaradılacağı bildirilib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya ölkələrində fəaliyyət göstərən poçt operatorlarının fəaliyyəti nəticəsində ətraf mühitə buraxılan müəyyən miqdarda zərərli karbon di-oksid qazlarının miqdarının azaldılması məsələsi ÜPİ-nin strateji istiqamətlərindən biri kimi qəbul olunub və bununla bağlı fəaliyyət getdikcə gücləndirilir. Bu məqsədlə görülən tədbirlərdən biri də PCF-i yaratmaqla üzv-ölkələrin poçt administrasiyaları tərəfindən QSF layihələrinə oxşar olan layihələrin hazırlanıb həyata keçirilməsidir.
ÜPİ, məlum olduğu kimi, BMT-nin ixtisaslaşmış agentliklərindən biridir və ətraf mühitin mühafizəsi BMT-nin prioritet hesab etdiyi sahələrdən biri olduğu üçün onun müvafiq proqramlarına dəstək verir. Lakin hazırda PCF-in hansı mənbələrdən yaradılacağı hələlik tam dəqiqləşdirilməyib və bununla əlaqədar işlər davam etdirilir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL