Prezident İlham Əliyev: “Texnoparklarla yanaşı, biz sənaye klasterlərinin yaradılmasına başlamalıyıq”
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən prezident İlham Əliyev qeyd edib ki, ölkədə məşğulluqla bağlı məsələlərə ciddi diqqət yetirilməlidir:
“Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq”.
Enerji siyasətinin ölkə iqtisadiyyatının inkişafına xidmət etməli olduğunu da nəzərə çatdıran dövlət başçısı bu sahədə kontraktların icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesinin sürətlənəcəyini bildirib:
“Biz dövlət olaraq buna hazırıq. Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər vardır və olacaqdır”. “Sənaye ili”ndə sənayenin inkişafının diqqət mərkəzində olduğunu da vurğulayan İlham Əliyev həm xaric, həm də daxildən investisiyaların cəlb edilməsini müsbət amil kimi dəyərləndirib:
“Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun”. Respublika prezidenti sənaye sahəsində tətbiq edilən yanaşmadan da söz açıb: “Dövlət öz hesabına texnoparklar yaradır. Orada şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar kifayət qədər çoxdur. Hesab edirəm ki, texnoparklarla yanaşı, biz sənaye klasterlərinin yaradılmasına başlamalıyıq. Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu vardır”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL