waplog

Azərbaycanda yeni elektron xidmətlərin formalaşdırılması fəal mərhələyə qədəm qoyur


“Elektron hökumət” modern və çevik idarəetmənin təmin edilməsində, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında, şəffaflığının təmin edilməsində və bürokratik əngəllərin aradan qaldırılması və əhaliyə elektron xidmətlərin göstərilməsində mühüm vasitədir. Bu gün Azərbaycanda yeni elektron xidmətlərin formalaşdırılması fəal mərhələyə qədəm qoyur, vətəndaşlara təqdim edilməli elektron xidmətlərin sayı sürətlə artır.
 
 
“Elektron hökumət”in formalaşdırılması və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı istifadəsi üzrə respublikada aparılan fəaliyyətin əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı “Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi prosesinin daha da geniş vüsət almasına xidmət edib.
 
 
Daha sonra 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “Elektron hökumət”in inkişafına dair  Dövlət Proqramı hazırlanıb. Dövlət proqramında aparılan işlər üzrə mövcud vəziyyət, proqramın məqsədi, əsas istiqamətləri və gözlənilən nəticələr öz əksini tapır.  Dövlət Proqramının məqsədi “Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir. Ümumiyyətlə, respublikada “Elektron hökumət”in qurulması istiqamətində dövlət qurumları tərəfindən əhaliyə göstərilən bütün xidmətlərin elektronlaşdırılması dövlət məmurları ilə vətəndaşlar arasında keyfiyyətcə yeni münasibətlərin formalaşmasına zəmin yaradır.
 
 
Ölkədə elektron xidmətlərə keçid bir sıra strukturların fəaliyyətində şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının azalmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, vətəndaşla dövlət strukturları arasında canlı əlaqənin, o cümlədən kağız daşıyıcılarının minimuma enməsinə gətirib çıxarır. Texnoloji yeniliklərin daim tətbiq edildiyi, sürətli inkişaf yolunda olan ölkəmizdə “Elektron hökumət” istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli qərarı ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib. Bu qərar əsasında müvafiq dövlət qurumları müəyyən edilmiş xidmətlər üzrə servislər hazırlamalı və bu servislər portala inteqrasiya edilməlidir.
 
Həmçinin cari ilin iyun ayında prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsi” icra ediləcək işlərin həcmini və keyfiyyətini artıracaq.  Ümumiyyətlə, bu proses başa çatdıqdan sonra dövlət qurumları e-xidmətlərin göstərilməsi zamanı digər qurumların informasiya sistemlərindən “Elektron hökumət” portalı vasitəsilə lazımi məlumatı onlayn rejimdə əldə edə biləcəklər və bununla da əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti yüksəlmiş olacaq.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL