waplog

YT Parkda "Hiqqs" yarışı barədə seminar keçirilir


Bu il avqustun 2-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Yüksək Texnologiyalar Parkında Hiqqs yarışı barədə seminar keçiriləcək. Azərbaycan ACM Bölməsinin keçirdiyi tədbirə maşın öyrənməsi (machine learning) sahəsi ilə maraqlanan hər kəs dəvətlidir.
 
Məlumat üçün bildirək ki, 2012-ci ildə "Hiqqs bozonu"nun kəşf olunması elan edilib və altı ay sonra bu fakt təsdiqlənib. Nəzərə alsaq ki, fiziklər üçün yeni bir hissəciyin kəşfi uzun və çətin bir yolun başlanğıcı deməkdir, onda mütəxəssislər bu istiqamətdəki araşdırmalarını davam etdirərək yeni hissəciyin xarakteristikalarını tapmağa çalışırlar.
 
Fizikada hissəciklərin əsas xüsusiyyətlərindən biri də onların parçalanaraq digər hissəciklərə çevrilməsidir. Yeri gəlmişkən qeyd edək ki, Avropa Nüvə Araşdırmaları Təşkilatında (CERN) tərəfindən araşdırılan ATLAS eksperimentinin məqsədi protonları toqquşdurmaqla yeni hissəcik və prosesləri tapmaqdır.  Bir müddət əvvəl bu eksperimentin gedişində "Hiqqs bozonu"nun iki "tau" hissəciyə parçalanması müşahidə edilib.
 
 Lakin bu parçalanma küylərin fonunda itib-batan kiçik bir siqnaldır.
 
 
"Hiqqs" yarışmasının əsas məqsədi eksperimentin kəşf ehtimalını artırmaq üçün "maşın öyrənməsi" metodlarından istifadə imkanlarını araşdırmaqdır. Hissəciklər fizikası sahəsində hər hansı biliklərinizin olması lazım deyil. Tapşırıq ATLAS-ın təyin etdiyi hadisələri xarakterizə edən xüsusiyyətlərə malik verilənlərdən istifadə etməklə, hadisələri "tau-tau parçalanması" və ya "fon küyü" olaraq təsnifatlandırmaqdır.
 
 
Qalib gəlmiş komandanın kodu/metodu eksperimentin özündə istifadə oluna bilər və qaliblər nəticələrini yüksək enerji fizikası mütəxəssisləri ilə müzakirə etmək üçün CERN-ə dəvət oluna bilərlər.
 
 Yarışla maraqlanan şəxslər göstərilən linkdə  qeydiyyatdan keçməklə seminarda iştirak edə bilər.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL