waplog

Azərbaycanda son 5 il ərzində mobil sektor üzrə abunəçi bazası 50 faiz artıb


Azərbaycanda son 5 il ərzində mobil sektor üzrə gəlirlər 30%, abunəçi bazası isə 50% artıb. 2013-cü ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 17,4% artaraq 1150,6 milyon ABŞ dollarına çatıb. Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 64,6%-ni təşkil edir. Mobil telefon rabitəsi xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir və bu, regionda 100 faizlik ilk nəticədir.
 
 Bu məlumat "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013" adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, mobil rabitə sektorda dinamik inkişaf edən sahədir:
 
"Ölkənin İKT sektorunda mobil rabitə həm gəlirlərdəki payına, həm da inkişaf tempinə görə aparıcı mövqeyə malikdir. Mobil rabitə sahəsində GSM standartında 3 mobil operator fəaliyyət göstərir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-dur. Bu da dünya orta göstəricisindən 14,3% çoxdur". Ölkədə mobil genişzolaqlı internet bazarı da sürətli inkişaf mərhələsindədir. 2009-cu ildən "3G" texnologiyasının, 2012-ci ildən etibarən isə "4G" texnologiyasının tətbiqinə başlanılıb. 2013-cü ildə mobil abunəçilərin 41%-i həm də mobil geniszolaqlı internet istifadəçisi olub.
 
 
Qeyd edək ki, 2013-cü ildə İKT sektorunda əldə olunmuş gəlirlərin 1 782,0 milyon dolları və ya 89,1%-i telekommunikasiya sektorunun payına düşür. 2013-cü ildə telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64,6%-i mobil rabitə, 20,3%-i sabit şəbəkə, 7,2%-i isə internet sahəsi üzrə formalaşıb. Telekommunikasiya sektorunun inkişafının əsas hərəkətverici qüvvəsi rolunda mobil rabitə və internet xidmətləri çıxış edir.
 
Belə ki, 2013-cü ildə real artım tempi internet bazarında 45%, mobil sektorda 17,4% olub.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL