waplog

Yeni tədris ilində “eTwinning Plus” layihəsi çərçivəsində müəllimlər üçün müxtəlif mövzularda onlayn təlimlər təşkil olunacaq


Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning Plus” layihəsi çərçivəsində yeni tədris ilində də müəllimlər üçün müxtəlif  mövzularda onlayn təlimlər (Learning events) təşkil olunacaq.
 
 Layihəyə cəlb olunan hər “eTwinning Plus” ölkəsindən bir müəllim onlayn moderatorluq mövzusunda onlayn kursa cəlb olunmaq şansı əldə edəcək. Gələcəkdə həmin müəllim tərəfindən Azərbaycanda “eTwinning” üzrə müxtəlif onlayn fəaliyyətlər, moderatorluq, onlayn təlimlərin təşkili və aparılması nəzərdə tutulur.
 
 
Qeyd edək ki, Azərbaycan beynəlxalq “eTwinning Plus” layihəsində 2013-cü ildən etibarən iştirak edir. Layihə Azərbaycanda Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Mədəd” təşkilatı tərəfindən icra olunur. “eTwinning Plus”a gəlincə, bu proqram Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişlənməsidir.
 
Layihə pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Azərbaycan digər beş ölkə ilə yanaşı,  Avropa İttifaqının qonşuluq siyasətinə əsasən “eTwinning Plus” layihəsinə üzv olub. İştirakçı ölkələrdən olan müəllimlər layihənin portalından (plus.etwinning.net) istifadə edərək, 33 Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər.
 
Ən vacib məqamlardan biri isə odur ki, azərbaycanlı şagirdlər də avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırlar. “eTwinning Plus” portalında qeydiyyatdan keçdikdən sonra müəllimlər və şagirdlər avropalı həmkarları ilə ortaq layihələr icra etməyə başlayırlar.
 
 Beləliklə, şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual layihələr yaradılır. Layihədə iştirak edən məktəb, müəllim və şagirdlərə dəstək olmaq, onları lazımi təlim və konsultasiya ilə təmin etmək məqsədilə hər iştirakçı ölkədə Tərəfdaşa Dəstək Agentliyi (TDA) yaradılıb. Azərbaycanda “Mədəd” təşkilatı bu rolu yerinə yetirir, yəni layihənin icrasını və koordinasiyasını həyata keçirir. Azərbaycanda “eTwinning Plus”a 29 məktəb, 90 müəllim qoşulmaqla 65 layihədə iştirak edib.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL