Dövlət əmlakının qorunması və istifadə vəziyyəti ilə əlaqədar hesabatların qəbulu prosedurları tamamilə elektronlaşdırılıb
Əmlak Məsələləri Dövlət Komitəsi son illər dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi, müasir əsaslarla inkişafı, optimal idarəetmə metodlarının tətbiqi, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində bir sıra nəticələr əldə edib.
Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının qorunub saxlanması, idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq fərmanının icrası ilə bağlı müntəzəm tədbirlər görülür.
Dövlət əmlakının qorunması və istifadə vəziyyəti ilə əlaqədar hesabatların qəbulu prosedurları sadələşib və tamamilə elektronlaşdırılıb. Belə ki, komitənin elektron xidmətlər portalında dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasının elektron qəbulu ilə bağlı e-xidmət fəaliyyət göstərir. Bu xidmət dövlət müəssisə və qurumlarına xüsusi hesabat formalarını artıq elektron şəkildə təqdim etmək imkanı yaradıb.
Bununla da, əvvəllər bu prosesə sərf olunan vaxta böyük qənaət olunub, belə hesabatları vermək üçün komitənin ərazi şöbələrinə gediş-gəlişlərə ehtiyac qalmayıb. Komitədən qeyd edilib ki, 2014-cü ilin ilk 6 ayında 2080-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması elektron xidmət vasitəsilə təqdim edilib.
Dövlət əmlakı idarəçiliyi sahəsində elektron xidmətlər ilə bərabər, müasir yanaşma və üsulların, optimal və şəffaf idarəetmə metodlarının tətbiqi ilə bağlı tədbirlər də həyata keçirilir.
Müasir idarəçilik prinsipləri və mexanizmləri əsasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, bu sahədə müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin qurulması təmin edilir. Bu proseslər həyata keçirilərkən bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir, proseslərə beynəlxalq məsləhətçilər cəlb edilir.
Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində tədbirlər görülür. Beynəlxalq ekspertlər tərəfindən dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı qiymətləndirmələr aparılır, hesabatlar və fəaliyyət planları tərtib edilir, tövsiyələr və təkliflər hazırlanır. Dövlət müəssisə və təşkilatlarında dövlət əmlakından səmərəli istifadə olunması və qorunub saxlanılması ilə əlaqədar müasir üsullarla monitorinqlər keçirilir.
Müəssisə və təşkilatların özəlləşdirmə vəziyyəti və perspektivləri, özəlləşmədən sonrakı fəaliyyəti, müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti və cari ilin proqnozları ilə bağlı məlumatlar təhlil edilir. Belə məlumatlar ümumiləşdirilir, onların əsasında statistik və qrafik məlumatlar hazırlanır. Dövlət əmlakının qorunub saxlanılması, səmərəli istifadəsi, yerləşdikləri torpaq sahələrindən hüquqi əsas olmadan istifadə hallarının qarşısının alınması istiqamətində məsələlər daim nəzarətdə saxlanılır. Bu məqsədlə, komitə tərəfindən müasir tələblərə cavab nəzarət mexanizmləri tətbiq edilir. Müəssisələrin registr məlumatları, xüsusi hesabat formaları, illik balans hesabatları və digər məlumatlar əldə edilərək zəruri təsərrüfat-maliyyə göstəriciləri müəyyənləşdirilir. Onların müqayisəli təhlili aparılır və vahid məlumat bazasının formalaşdırılması istiqamətində işlər həyata keçirilir.
Cari ilin ilk 6 ayı ərzində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinə dair 200-ə yaxın monitorinq keçirilib. 256 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 180-ə yaxını illik balans hesabatlarını təqdim ediblər. 243 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətindən əmlakın inventarizasiya aktları qəbul olunub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL