Elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı razılaşdırılma mərhələsindədir
Azərbaycanın növbəti illər üçün elektron xidmətlərin genişləndirilməsi sahəsində əsas hədəflərini əks etdirən “2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
Dövlət Proqramının məqsədi “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir. Dövlət Proqramında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra məsələlərin həlli nəzərdə tutulur.
Burada sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi; dövlət orqanlarının zəruri informasiya sistemləri və ehtiyatlarının müəyyənləşdirilmiş tələb və standartlara uyğun qaydada yaradılması, inteqrasiyası, təhlükəsizliyinin təmin edilməsi və mövcud informasiya sistemləri və ehtiyatlarının təkmilləşdirilməsi; dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi prosesinin təkmilləşdirilməsi (vahid informasiya fəzasının yaradılması); modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması ilə “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçidin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması; əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin və əlçatan olmasının artırılması, əhatə dairəsinin genişləndirilməsi yer alıb.
Dövlət Proqramı üzrə “Elektron hökumət”in inkişafı istiqamətində “elektron hökumət” infrastrukturunun inkişaf etdirilməsi;
dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi;
“elektron hökumət” portalının təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi;
İKT sahəsində kadr potensialının gücləndirilməsi;
vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi;
dövlət qulluqçularının İKT biliklərinin artırılması üzrə təlimlərin keçirilməsi;
müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi daxildir. İnformasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi istiqamətinə isə informasiya sistemlərinin monitorinqinin həyata keçirilməsi;
sahələr üzrə dövlət orqanlarının zəruri informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi;
fərd haqqında olan məlumatların Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə əlaqələndirilməsi aiddir.
Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətinə gəldikdə, burada dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələrin davam etdirilməsi və elektron xidmətlərin təşkili və göstərilməsinin təkmilləşdirilməsi;
elektron xidmətlərin portativ (mobil) qurğular üzərindən həyata keçirilməsi (mobil xidmətlər), elektron ödənişin genişləndirilməsi;
elektron imzadan istifadənin genişləndirilməsi və mobil imzanın tətbiqi yer alıb.
Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələrə gəlincə, “elektron hökumət”in inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə şərait yaradan normativ hüquqi baza formalaşdırılacaq; elektron xidmətlərin göstərilməsi zamanı istifadə olunan informasiya ehtiyatlarının və onlardan əldə edilməsi zəruri olan məlumatların tərkibinin müəyyən olunması və bu məlumatların “Elektron hökumət” portalı vasitəsilə istifadəsi təmin ediləcək.
Həmçinin dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsinin sürətləndirilməsi təmin ediləcək. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid tələblər əsasında yaradılması, inteqrasiyası və təhlükəsizliyi təmin ediləcək; vahid informasiya fəzası formalaşdırılacaq.
“Elektron hökumət” portalının işi təkmilləşdiriləcək, elektron xidmətlərdən istifadə sadələşdiriləcək və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi genişləndiriləcək.
Dövlət orqanları arasında elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatan olmasının artırılması, əhatə dairəsinin genişləndirilməsi təmin ediləcək; inzibati proseslərin təkmilləşdirilməsi və hesabatlılığın gücləndirilməsi yolu ilə vətəndaş məmnunluğu artırılacaq və “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçid təmin ediləcək. Dövlət orqanları tərəfindən xidmətlərin İKT-nin nailiyyətlərindən istifadə edilməklə, həyata keçirilməsi nəticəsində izafi xərclər ixtisar ediləcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL