Şimal-Qərb bölgəsində baş verən qasırğa rabitə qurğularına ziyan vurub
Şimal-Qərb bölgəsində baş verən qasırğa ciddi fəsadlar törədib. Zaqatala və Balakəndə güclü tufanla müşayiət olunan leysan, yağış və dolu yağıb.
Küləyin şiddətindən 600-dən çox irigövdəli ağac qırılıb. Şəhərdə 300-dən çox müxtəlif ictimai və dövlət binalarına, 21 çoxmərtəbəli binaya ziyan dəyib. Rabitə, enerji və qaz xətləri tamamən sıradan çıxıb. 120-dən çox elektrik dirəkləri yıxılıb, 8 fərdi maşının üstünə ağac və dam örtüyü qırıntıları düşüb. Rayona qaz və enerjinin verilişi tamamilə dayandırılıb. Zaqatala TKQ-nin rəisi Məhəmməd Arazovun verdiyi məlumata görə, təbii fəlakət rayon mərkəzində, Aşağı və Yuxarı Tala, Muxax, Danaçı, Göyəm, Makov və Dardoqqaz kəndlərinə ziyan vurub. "Kəndlərdə vəziyyət daha çətindir. 50-dən çox rabitə dirəyi aşıb. ATS binalarına isə o qədər ziyan dəyməyib".
Zaqatala rayon Fövqəladə hallar komissiyasının sədri Elman Ramazanovun sözlərinə görə, Fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır: "Aidiyyəti strukturlara məlumat verilib. Hazırda dəymiş ziyanın müəyyən edilməsi üçün komissiyalar işləyir".
Güclü tufan Balakən rayonunda da fəsadlar törədib. Tufan nəticəsində rayon ərazisində 30-a yaxın çoxmənzilli yaşayış binası və sosial obyektin, yüzlərlə fərdi ev və yardımçı tikilinin dam örtüyü yararsız vəziyyətə düşüb. Şəhər ərazisində çoxlu sayda irigövdəli ağaclar yıxılıb. Elektrik dirəkləri aşıb, təbii fəlakət nəticəsində dağətəyi kəndlərə, əsasən Mahamalar, Katex, Gərəkli, Qazbinə kəndlərinə ziyan dəyib. Rayonda işıq, rabitə və qaz xətləri sıradan çıxdığına görə kommunal xidmətlər iflic vəziyyətə düşüb. Balakən TKQ-nin rəisi Şamil Məmmədovun verdiyi məlumata görə, rabitə sahəsində vəziyyət qənaətbəxş deyil. "Rayon abunəçilərinin 30 faizindən çoxunun telefonu işləmir. ATS-lərin işində problem yoxdur. İldırım əleyhinə əvvəlcədən tədbir gördüyümüzdən problem olmayıb. ATS binalarında da problem var".
Balakən rayon Fövqəladə hallar komissiyasının sədri Azad Balayevin sözlərinə görə, hazırda FHN-in müvafiq qurumlarının dəstəyi ilə qasırğanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL