MHM-ə “İSO 27001” beynəlxalq standart sertifikatı təqdim edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) informasiya texnologiyaları və təhlükəsizliyinin təminatı sistemi üzrə "ISO/İEC 27001:2005" (İSO 27001) beynəlxalq standart sertifikatını alıb. Bununla bağlı bu gün MHM-də sertifikatın təqdimetmə mərasimi keçirilib.
Tədbirdə mərkəzin direktoru Nail Mərdanov bildirib ki, sözügedən sertifikatın alınması istiqamətində həyata keçirilən işlərə 2012-ci ildən başlanılıb. Müəssisədə tətbiq olunan informasiya təhlükəsizliyinin idarəetmə sisteminin bu ilin may-iyun aylarında müvəffəqiyyətlə auditdən keçdiyini vurğulayan N.Mərdanov auditin İsveçrənin beynəlxalq SGS Audit Şirkətinin (Societe Generale de Surveillance) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirildiyini söyləyib.
Daha sonra bildirilib ki, 2011-ci ildən fəaliyyət göstərən MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi dövlət qurumlarına, vətəndaşlara və hüquqi şəxslərə 25 minə qədər sertifikat təqdim edib.
"Müəssisədə informasiya təhlükəsizliyi idarəetmə sisteminin forumu da yaradılıb. Bu forumun yaradılmasında məqsəd informasiya təhlükəsizliyi idarəetmə sisteminin davamlı olaraq nəzarət altında saxlanılmasıdır".
SGS Audit Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Azər Məmmədov isə bildirib ki, təmsil etdiyi şirkətin apardığı auditdən keçmək olduqca çətindir:
"Çünki biz işlərimizi daha professional şəkildə qurmağa çalışırıq, həm özümüzə yüksək tələbkarlıqla yanaşırıq, həm də müqavilə bağladığımız qurumlar qarşısında yüksək standartlar qoyuruq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Azərbaycanda İSO 27001 standartları əsasında informasiya təhlükəsizliyi idarəedilməsi sistemini tətbiq edən ilk dövlət qurumlarından biridir. XXI əsr informasiya texnologiyaları əsri hesab olunur. Hazırda yeni informasiya texnologiyalarının istifadəsi və inkişafı bəzi problemləri də artırır. Müxtəlif cür viruslar, troyan hücumları, hakerlər, sənaye casusluğu, informasiya oğurluğu və sair bu kimi yeni cinayət növləri informasiya təhlükəsizliyinin təminatı üçün yeni təhlükələr yaradır. Zəif mühafizə təhlükəsizlik üçün daim olaraq təhdidlər mənbəyinə çevrilir. Nəticədə qiymətli rəqabət mühitinin itirilməsi, şəxsi məlumatların kənara sızması, müştəri bazasının itirilməsi və birbaşa maliyyə itkiləri ilə qarşılaşmaq riski ilə üz-üzə qala bilərik. İSO 27001 təşkilatların bütün növ fəaliyyətlərində tətbiq edilir. Bu sertifikatı Azərbaycanda alan təşkilat, demək olar ki, yox idi. Buna görə də MHM bu istiqamətdə birincilərdəndir".
Daha sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, MHM respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət qurumudur. Onun sözlərinə görə, bütün dünyada tanınan "İSO" standartının ölkəmizdə tətbiq edilməsi Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində görülən işlərə böyük qiymətdir.
Nazir müavini əlavə edib ki, informasiya təhlükəsizliyinin təmin olunması bizim əsas məqsədlərimizdən biridir:
"Məlumat Hesablama Mərkəzi bu sertifikatın əldə olunması üçün uzun müddətdir çalışırdı. "ISO 27001" beynəlxalq standartına nazirliyin ciddi marağı var".
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL