waplog

“Unibank”la “Elektron hökumət” portalı üzərindən vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi layihəsi üzrə əməkdaşlığa başlanılacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) "Unibank" Kommersiya Bankı ASC-nin (Unibank) nümayəndələri ilə birgə görüş keçirilib.

Mərkəzdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, "Elektron hökumət" portalı üzərindən vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi layihəsi üzrə birgə əməkdaşlıq edilməsi barədə müzakirələr aparılıb.
 
Layihənin prezentasiyasından sonra birgə əməkdaşlığa dair müqavilə imzalanması qərara alınıb və müqavilənin ilkin layihəsi hazırlanaraq "Unibank"a təqdim olunub.
 
Müqavilə şərtlərində səlahiyyətli bank əməkdaşlarına banka müraciət etmiş hər bir müştərinin yazılı razılıq ərizəsi əsasında "Elektron hökumət" portalı üzərindən "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış" e-xidməti vasitəsilə vətəndaşın seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına imkan yaradılması nəzərdə tutulur.
 
Eyni zamanda müştəri özü haqqında fərdi məlumatları "Elektron hökumət" portalından qeydiyyatdan keçməklə özü formalaşdıraraq banka göndərə biləcək. Fərdi məlumatlar üzrə elektron arayışda vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında məlumatlar, Dövlət Sosial Müdafiə Fondu informasiya sistemlərindən məlumatlar, telefon nömrələri və borcları haqqında məlumatlar, müəllimlər, səhiyyə işçiləri və dövlət qulluğu informasiya sistemlərindən məlumatlar əks olunacaq. Belə ki, müştəri kağız daşıyıcısında heç bir sənəd təqdim etməsə belə, onun haqqında fərdi məlumatların onun öz razılığı əsasında Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanunununa uyğun qaydada səlahiyyətli bank işçiləri tərəfindən "Elektron hökumət" portalından əldə olunması mümkün olacaq və bu məlumatlar bank tərəfindən hüquqi sənəd kimi qəbul ediləcək.
 
Həmçinin MHM tərəfindən elektron imza həlləri haqda da geniş məlumat verilib. Belə ki, sənədlərin onlayn imzalama imkanları bank sektorunda kreditlərin onlayn ödənilməsi, onlayn hərracların keçirilməsi kimi bir sıra üstünlüklər vermiş olacaq. MHM-in təqdim etdiyi texnoloji yeniliklər "Unibank" tərəfindən maraqla qarşılanıb və gələcək fəaliyyətdə qarşılıqlı əməkdaşlıq edilməsi qərara alınıb.
 
Qeyd edək ki, artıq bu layihə üzrə birgə əməkdaşlıq edilməsi üçün MHM ilə bir neçə bank arasında müqavilə imzalanıb və gələcəkdə digər banklarla da bu sahədə əməkdaşlıq edilməsi planlaşdırılır.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL