İltimas Məmmədov: “Əldə edilən nəticələr imkan verir ki, ölkə üzrə insanların İKT-yə olan tələbatı tam ödənilsin”
"Bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf müşahidə edilməkdədir. Bu inkişaf da təsadüfi deyil. Onlar konkret hədəflərə söykənir və planlı şəkildə atılan addımlardan irəli gəlir".
Bu fikirləri İctimai Televiziyanın qonağı olan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov söyləyib. Ölkəmizin inkişafı ilə əlaqədar "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlandığını xatırladan nazir müavini bildirib ki, bu konsepsiyaya uyğun olaraq bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sektorunda hədəflər müəyyən edilib: "Buna uyğun olaraq işlərimizi davam etdiririk. Əldə etdiyimiz nailiyyətlər də müəyyən olunmuş hədəflər üzrə gedir".
Hazırda Azərbaycanda müasir dövrün tələblərinə cavab verən poçt sisteminin mövcud olduğunu qeyd edən İ.Məmmədov deyib ki, ölkədə əhalinin yaşadığı bütün ərazilər rəqəmsal yayımla əhatə edilib:
"Artıq Azərbaycanın özünün peyki var və telekanallarımız öz peykimizin üzərindən yayımlanır. İnformasiya cəmiyyətinin inkişafı üçün lazım olan bütün xidmətlər digər qurumlarla birlikdə elektron hökumətin, elektron xidmətlərin təşkilində çox böyük nailiyyətlər əldə edilib. Bu gün insanların ucqar kəndlərdən də hansısa məmurun qəbuluna gəlməyinə, inzibati binalarda növbəyə durmağına ehtiyac qalmayıb. Artıq onlara evlərdən çıxmadan elektron xidmətlərdən istifadə etməsi üçün bütün imkanlar yaradılıb. Hesab edirəm ki, bu sahədə görüləcək işlərimiz də çoxdur. Əldə edilən nəticələr imkan verir ki, ölkə üzrə insanların İKT-yə olan tələbatı tam ödənilsin. Ona görə də Azərbaycan digər ölkələrlə müqayisə olunduqda göstəricilərimizin yaxşılaşdığı üzə çıxır".
Milli peykimizin verdiyi üstünlüklərdən danışan İ.Məmmədov əvvəlcə bildirib ki, Azərbaycan insanı milli peykimizin orbitə çıxarılmasından qürur hissi keçirir:
"Bizim artıq Azərbaycan peyki ilə Afrika, Avropa, Asiya və demək olar ki, hər yerlə əlaqə yarada biləcək imkanlarımız var. Artıq sözdən birbaşa əmələ keçilib. Bu gün Azərbaycan öz peyki vasitəsi ilə Afrika qitəsindən gəlirlər əldə edir. Götürülən kreditlərin illər üzrə qaytarılmasında da bu gəlirlər önəmli rol oynayır. Təbii ki, Avropadan və daxildən də gəlirlər götürülür".
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin bağladığı müqavilələrə toxunan nazir müavini bu ayın 11-14 tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "CeBit Bilişim Eurasia" sərgisindən danışıb:
"Beynəlxalq sərgidə Azərbaycan peykindən istifadə ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə bağlanıldı. Bu, çox önəmli bir hadisə idi. Orada təqdim etdiyimiz stendə çox böyük maraq var idi. Bildirim ki, digər ölkələrdən də peykimizdən istifadə ilə bağlı müraciətlər daxil olmaqdadır".
Növbəti peykimizin orbitə çıxarılması istiqamətində də çox ciddi addımların atıldığını vurğulayan İ.Məmmədov mütəxəssislər tərəfindən dəyərli və müqayisəli təkliflərin hazırlandığını və onların müzakirəsinin aparıldığını bildirib:
"Bununla yanaşı, aşağıorbitli peyklərlə əlaqədar lazımi işlər həyata keçirilir. Yəni nazirliyin peyk sahəsində az bir müddətdə fəaliyyətə başlamasına baxmayaraq artıq region ölkələri içərisində öz sözünü deyə bilən bir sahəyə çevrilməsinə nail olunub. Əlbəttə ki, bununla da hər bir Azərbaycan vətəndaşı qürur duyur. Qeyd edim ki, müsbət tərəflərdən biri də bu sahədə çalışan insanların böyük əksəriyyətinin yerli cavan mütəxəssislər olmasıdır".
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL