waplog

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" ilə əhali daha asan kredit əldə edəcək


"Elektron hökumət portalı tərəfindən əhalinin istifadəsinə təqdim olunan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti həm bank işçilərinin, həm də müştərilərimizin vaxtına qənaət edilməsində mühüm rol oynayır. Bu xidmətin verdiyi imkanlardan istifadə etməklə bir həftə ərzində 100-ə yaxın müştəriyə istehlak krediti verilib".
 
Bu fikirləri "ICTnews" elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində "Bank of Baku"nun Alternativ satışlar və inkişaf departamentinin direktoru Anar Abbasov söyləyib.
 
O qeyd edib ki, bankın mərkəzi filialında elektron arayışdan istifadə etməklə gün ərzində 5-6 kredit müqaviləsi rəsmiləşdirilir:
 
 "Hər gün mərkəzi ofisimizə 10-dan çox müştəri elektron arayışla müraciət edir. Nəzərə alsaq ki, bizim bankın 25 filialı var və onlara da gələn müştərilərin sayına diqqət yetirsək, onda görərik ki, e-arayış sisteminə nə qədər böyük tələbat var. Qeyd edim ki, artıq regionlarda fəaliyyət göstərən filiallarımız da bu sistemə qoşulub".
 
 
Elektron arayış sisteminin bir sıra üstünlüklər verdiyini vurğulayan A.Abbasovun sözlərinə görə, vətəndaşlar bu yolla üzləşdikləri bəzi çətinliklərini aradan qaldıra biliblər:
 
"Təcrübəmizdən görürük ki, bir çox müştərilərimiz iş yerindən arayış almaqda çətinlik çəkirlər. Ona görə də kredit götürə bilmirlər. Amma biz elektron arayış sistemindən istifadə edəndən sonra müştərilərimizin bu kimi problemləri aradan qaldırılmış olur. Məsələn, vətəndaşlar iş yerlərindən arayış almaqda utanırlar. Çünki bu barədə həmkarlarının xəbər tutmasını istəmirlər. Və ya müdiriyyət tərəfindən hansısa süni əngəllər yaradılır. Bu cür hallarla qarşılaşmamaq üçün müştərilərimiz fərdi məlumatlarını internetlə də göndərə bilərlər. Biz sadəcə olaraq müştərilərə "Elektron hökumət" portalında qeydiyyatdan keçməyə kömək edirik. Bunun üçün filiallarda xüsusi kompüterlər quraşdırılıb. Eyni zamanda əgər müştəri elektron arayış barəsində məlumatlı deyilsə, ona bu sistemin üstünlükləri və verdiyi imkanlar barəsində lazım olan informasiyaları veririk. Onu da qeyd edim ki, elektron arayışla kredit götürdükdə, onun barəsində çalışdığı işin rəhbərliyinin belə, məlumatı olmur. Elektron arayışla əməkhaqqı 500 manata qədər olan müştərilərə 5000 manat, əməkhaqqı 500-dən yuxarı olanlara isə müxtəlif kompaniyalar daxilində 20 min manata qədər kreditlər verilir. Kreditin maksimal müddət isə 4 ildir".
 
Elektron arayışla müraciət edən şəxslərə kreditin verilməsinin 20-25 dəqiqəyə rəsmləşdirildiyini deyən A.Abbasovun sözlərinə görə, hətta vətəndaş elektron imzaya malik olmasa da, ona kredit verilməsi mümkündür:
 
"Belə olduqda müştəri "Elektron hökumət" oortalında qeydiyyatdan keçirilir. Bundan sonra verilən loqin və paroldan istifadə etməklə elektron arayışı göndərmək mümkünləşir. Bu sistem təkcə müştərilərə deyil, eyni zamanda bank üçün də müəyyən üstünlüklər verir. Onlardan birincisi, banklar üçün vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsidir. Müştəri bank tərəfindən get-gələ məruz qalmır. Çünki kağız formasında təqdim olunan arayışlarda hər hansı bir çatışmazlıq olanda onun dəyişdirilməsinə ehtiyac yaranır. Amma elektron arayışlarda bu kimi çatışmazlıqlar olmur. Digər tərəfdən  elektron arayış sistemi vasitəsi ilə banka saxta arayışın təqdim edilməsi tam olaraq aradan qaldırılır. Eyni zamanda vətəndaşlar tərəfindən şişirdilmiş  əməkhaqlarının göstərilməsinin qarşısı alınır.  Çünki elektron arayış sistemində vətəndaşın nə qədər maaş aldığını görə bilirik. Elektron arayışla iş stajı, iş yeri, vəzifəsi ilə bağlı məlumatları da əldə edirik. Bu informasiyalar da vətəndaşa kredit verməyə bəs edir. Eləcə də müştəriyə təqdim ediləcək kreditin miqdarını müəyyənləşdirməkdə yardımçı olur".
 
 
RYTN Məlumat Hesablama Mərkəzinin direktor müşaviri Vüqar Abdullayev da "ICTnews.az"a bildirib ki, "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti region üzrə ilk dəfə Azərbaycanda əhalinin istifadəsinə təqdim edilib.
 
"Xidmətin yaradılmasına dair təklif ilk dəfə MHM-in rəhbərliyi tərəfindən irəli sürülüb. Bu kimi xidmətlər insanların rahatlığına yönələn bir addımdır. Onun geniş kütlə tərəfindən istifadə olunacağına inanırıq. Ən çevik reaksiyanı isə özəl sektor, xüsusi ilə də bank sektoru göstərir. İnanırıq ki e-arayışların istifadəsi bu xidmət ilə məhdudlaşmayacaq və bu cür xidmətlər bir çox sahələrdə istifadə olunacaq. Qeyd edim ki, hazırda xidmətin formalaşmasında beş dövlət qurumunun informasiya sistemi iştirak edir və gələcəkdə onların sayı, yəni təqdim olunan məlumatlar artırıla da bilər. Onu da bildirmək istərdim ki, E-hökumət portalının nümayəndələri səmərəli təkliflərə daim açıqdır. Təkliflər üçün "www.e-gov.az" portalında "Fikir bankı" adlı  xüsusi bölmədə yaradılıb".
 

Seymur QASIMBƏYLİ
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL