İlin sonunda Nüvə Tədqiqatları Mərkəzinin hədəfləri açıqlanacaq
“Azərbaycanın növbəti peyki ilə bağlı həyata keçirilən hazırlıq işləri başa çatdıqdan və uyğun texniki parametrlər müəyyənləşdirildikdən sonra tender elan ediləcək”. Bu fikirləri Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
Nazir müavini qeyd edib ki, müxtəlif istiqamətlərdən çox maraqlı təkliflər daxil olmaqdadır. İ.Məmmədov bildirib ki, peykin orbitə çıxarılmasında tələskənliyə yol vermək olmaz:
“Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bəzi ölkələrin uğursuz təcrübəsi göstərir ki, belə layihələrin reallaşdırılmasına tələsməyə dəyməz. Artıq nazirlik bu sahədə kifayət qədər təcrübəyə malikdir və bu işə yüksəksəviyyəli mütəxəssis və ekspertlər cəlb edilib. Onlarla müəyyən məsləhətləşmələr həyata keçirilir. Bizə təqdim olunan təkliflər qiymətləndirilir, hərtərəfli şəkildə araşdırılır. Yekun tələblər müəyyən edildikdən sonra tender elan olunacaq. Tenderin keçirilməsi üçün də bir neçə vacib meyarlar var. Onlar maliyyələşdirmə mexanizmi, bu istiqamətdə hansı resurslardan istifadə məsələləri, peykin orbital mövqeyi və sairədir. Hazırda sadaladığım detallar araşdırılır. İlin sonunadək parametrlər müəyyən ediləcək və bundan sonra tender işlərinə başlanılacaq".
Daha sonra nazirliyin tərkibində yaradılan Nüvə Tədqiqatları Mərkəzindən söz açan İ.Məmmədov bildirib ki, bu gün mərkəzin fəaliyyətə tam başlaması üçün ilkin işlər həyata keçirilir. Artıq qurumun əsasnaməsinin hazırlandığını qeyd edən nazir müavini bildirib ki, yaxın zamanlarda digər müvafiq hüquqi sənədlərin də hazırlanması başa çatdırılacaq:
“Qurumun nizamnaməsinin təsdiq olunması üçün ilkin işlərə başlanılıb. Düşünürəm ki, bu səpkidə aparılan işlər ilin sonuna qədər başa çatdırılacaq və qurumun hədəfləri açıqlanacaq”.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL