Beşinci “Elektron Təhsil” Respublika Müsabiqəsinin I mərhələsi oktyabrın 23-də başa çatacaq
Beşinci “Elektron Təhsil” Respublika Müsabiqəsi davam edir. Hazırda müsabiqənin I mərhələsi həyata keçirilir. İlk mərhələ oktyabr ayının 23-də başa çatacaq.
Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə təşkil olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən bu müsabiqənin rəsmi internet səhifəsi (www.musabiqe.edu.az) fəaliyyət göstərir:
“Müsabiqə 3 istiqamət olmaqla 7 nominasiya üzrə keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir”.
Builki müsabiqəyə milli təhsil resurslarını inkişaf etdirmək məqsədilə yeni bir istiqamət – “Milli elektron tədris resurslarının yaradılması” istiqaməti əlavə edilib. Bununla yanaşı, müsabiqəyə yeni 4 nominasiya “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli”, “1 şagird: 1 kompüter” modeli üzrə ən uğurlu dərs/tədris layihəsi”, “Təhsil portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” və “Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” əlavə edilib.
Müsabiqəyə “Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə 10, “Müasir məktəbdə elektron tədris resursları istiqaməti” üzrə 9, “Təhsildə internet texnologiyaları” istiqaməti üzrə 15 iş təqdim olunub. Qiymətləndirmə qaydasına gəldikdə, birinci mərhələdə texniki ekspertiza zamanı işlərin müsabiqəyə təqdim edilmə qaydaları yoxlanılır. İkinci mərhələdə Təşkilat Komitəsi tərəfindən cəlb edilən ekspertlər təqdim edilən işlərin bu Əsasnamənin tələblərinə uyğun olaraq tərtib edilməsini nəzərdən keçirir və müsabiqənin növbəti mərhələsinə buraxılması haqqında rəy hazırlayırlar.
Bu rəy əsasında təqdim edilən işlərin növbəti mərhələyə buraxılması haqqında Təşkilat Komitəsi tərəfindən qərar qəbul edilir və həmin iştirakçıların siyahısı “www.musabiqe.edu.az” səhifəsində yerləşdirilir. Üçüncü mərhələdə Münsiflər heyəti bu Əsasnamə ilə nəzərdə tutulan meyarlara uyğun olaraq təqdim edilən işlərin qiymətləndirilməsini həyata keçirir. Təqdim edilən işlər Münsiflər heyəti tərəfindən 0-10 bal sistemi ilə qiymətləndirilir. Müsabiqənin qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq. Müsabiqə “İntel” Korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Mədəd Azərbaycan” təşkilatı, “Dr. Web”, AZEDUNET, “Ultra” və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il təşkil olunan “Elektron Təhsil” Müsabiqəsində əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər iştirak edə bilərlər.
Müsabiqədə, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları da iştirak edə bilərlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL