İnnovativ tərəfdaşlığın yeni imkanlarının tədqiq edilməsi məqsədilə BMTİP rəhbərinin ölkəmizə səfəri başlayıb
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkın Azərbaycana səfəri başlayıb. Səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Azərbaycan və BMTİP arasında innovativ tərəfdaşlığın yeni imkanlarının tədqiq edilməsidir.
BMT-nin İnkişaf Proqramı və Azərbaycan arasında strateji əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayan Helen Klark 2-3 oktyabr 2014-cü il tarixlərində keçiriləcək IV Bakı Beynəlxalq Humanitar Forumuna qatılacaq və tədbirin açılış mərasimində çıxış edəcək.
BMTİP-in Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, yüksəksəviyyəli hökumət rəsmiləri, qadın siyasətçilər, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək. BMTİP rəhbəri, həmçinin Sumqayıt şəhərini də ziyarət etməyi planlaşdırır.
O, BMTİP və Norveç hökumətinin birgə layihəsi çərçivəsində yaradılan SYSLAB Mərkəzi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılan və orta gəlirli, eləcə də aşağı gəlirli ölkələrlə bölüşmək üçün unikal bir təcrübəyə malik "ASAN Xidmət"lə tanış olacaq.
Helen Klark 2009-cu ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri təyin olunmuşdur və təşkilatın ilk qadın rəhbəridir. O, həmçinin inkişaf məsələləri ilə məşğul olan bütün BMT fond, proqram və departament rəhbərlərinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı İnkişaf Qrupunun sədridir.
BMTİP-dəki fəaliyyətindən öncə, Helen Klark 1999-2008-ci illər ərzində Yeni Zelandiyanın baş naziri vəzifəsində çalışıb. Helen Klark Yeni Zelandiyada baş nazir vəzifəsinə seçilən ilk qadın olmuşdur və bu vəzifəni ən uzun müddət tutan insanlar arasında ilk beşliyə daxildir.
Helen Klarkın BMTİP-in rəhbəri vəzifəsində nüfuzunu nəzərə alaraq, "Forbes" jurnalı onu dünyanın 100 ən nüfuzlu qadınları siyahısına daxil edib və "Birləşmiş Millətlər Təşkilatında ən təsirli qadın" adına layiq görüb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL