waplog

Azərbaycanın elektron təhsil sahəsində apardığı islahatların Rusiyada təqdimatı keçirilib


Moskva şəhərində Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin təsisçiliyi ilə keçirilən "Sərhədsiz dünya: açıq, distant, elektron təhsil - Moskva ICDE 2014" adlı beynəlxalq konfrans artıq başa çatıb.

Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti və  Açıq və Distant Təhsil üzrə Beynəlxalq Şuranın təşkilatçılığı keçirilən tədbirə azərbaycanlı mütəxəssislər də qatılıb.
 
Belə ki, Banqladeş, Belçika, Belarus, Braziliya, Böyük Britaniya, Vyetnam, Qambiya, Hann, Almaniya, Yəmən, Hindistan, İndoneziya, İran, İspaniya, İtaliya, Qazaxıstan, Kanada, Çin, Livan, Meksika, Nigeriya, Yeni Qvineya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Amerika Birləşmiş Ştatları, Tailand, Tanzaniya, Türkiyə, Fransa, Filippin, Efiopiya, Afrika ölkələrinin ali təhsil rektorları, prorektorları, professor və elm adamları, təhsil sahəsində çalışan dünyaca tanınmış ekspertlərinin iştirakı etdiyi konfransa Azərbaycandan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Almaz Həsrət spiker kimi dəvət olunmuşdu. Beynəlxalq konfransın əsas mövzularına "Distant təhsilin iqtisadi, texniki, pedaqoji və sosial aspektləri", "Formal təhsil və praktik fəaliyyət arasında fərqliliyin azalması prosesində açıq və distant təhsilin rolu", "Ənənəvi təhsil müəssisələrində elektron tədris: problem və imkanları", "Distant təhsil və smart-təhsil: rəqəmsal təhsilin artımı və ya azalması", "Təhsilin keyfiyyəti və standartları: sosial mədəniyyət və dil müxtəlifliyi; təhsil ənənələri və innovasiyalar - balansı necə tapmalı?", "Açıq, distant və elektron təhsil beynəlxalq, regional, regionlararası,  milli, yerli və ali məktəb səviyyələrində əməkdaşlıq sahəsi kimi" istiqamətləri daxil olub.
 
Tədbirdə informasiya texnologiyaları sahəsində, elektron təhsil və onun reallaşdırılması yolunda əsas strateji məsələlərin problem və onların həlli yolları geniş müzakirə edilib.
 
Həmçinin iki gün davam edən konfransda dünya təhsil sistemində elektron təhsil, distant təhsilə keçid və onun tətbiqində lazım olan xarici ölkələrin təcrübələrində son nailiyyətlər, onlardan istifadə, ən son texnologiya ilə bağlı digər maraqlı təqdimatlar dinlənilib. İlk məruzəçilərdən olan TPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri A.Həsrət "İnformasiya mədəniyyətinin formalaşmasında yeni texnoloji alətlər sistemi" mövzusunda təqdimat-məruzə ilə çıxış edib, Azərbaycan təhsil sistemində mövcud olan distant təhsilə keçidlə bağlı yeniliklər,  bu sahədə dövlət səviyyəsində görülən hazırlıq işləri, hazırkı mövcud vəziyyət, Təhsil Strategiyasında əksini tapmış distant təhsilin inkişafına dair məlumatları xarici ekspertlərlə paylaşıb. Konfrans iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan təqdimatdan sonra iştirakçıların Azərbaycan təhsil sistemi ilə bağlı çoxsaylı sualları A.Həsrət tərəfindən cavablandırılıb.  
 
Konfransda bir sıra xarici ölkələrlə yanaşı, Azərbaycanın da təhsil siyasəti və ölkəmizin təhsil sahəsində apardığı uğurlu inkişaf yolu, onun müsbət yönümlü nəticələrinə dair bilgilərin araşdırılmasına aid təqdimat da maraqla qarşılanıb.
 
Göstərilən marağın təzahürü olaraq, Rusiyanın Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin rektoru Natalya Tixomirova  Azərbaycanla, Təhsil Problemləri İnstitutu ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını, qarşılıqlı razılığa gələcəkləri təqdirdə institutla işbirliyinin aparılmasından məmnunluq duyacağını bildirib.
 
Beynəlxalq Açıq və Distant Təhsil Şurasının prezidenti, İndoneziyanın Terbuka (Açıq Universitet) Universitetinin rektoru Tian Belavati, Moskva şəhəri  İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor, akademik Viktor Zubkov, ABŞ Ontario Elektron təhsil və təlim Mərkəzinin prezidenti Maksim Jon-Luis, Kanadanın Ryerson Universitetinin Rəqəmli Təhsil Strategiyası Mərkəzinin direktoru Naza Cafarova, Moldovanın Milli Tədqiqatlar Dövlət Universitetinin Əlavə təhsil şöbəsinin  prorektoru Serqey Pilipenko, Bavariya Virtual Universitetinin direktoru professor Paul Röhl, İstanbul Mədəniyyət Universitetinin rektoru, professor Hamit Okur və s. elm adamları Azərbaycanla dostluq etməyə hər zaman hazır olduğunu bildiriblər, TPİ ilə təhsilin birgə inkişafı yönümdə işlər görmək üçün beynəlxalq əməkdaşlığa gəlmələri üçün münasibətlərin genişlənməsinə dəvət ediblər.
 
Beynəlxalq konfransın bağlanış mərasimindən sonra iştirakçılara sertifikatlar təqdim olunub.
 
 
Qeyd edək ki, tədbirdə Azərbaycandan Təhsil Nazirliyi TSİİ-nin Elektron və Veb Məzmunun İnkişafı  şöbəsinin müdiri  Namiq Zeynalov da iştirak edib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL