waplog

Əmək müqaviləsi bildirişlərini elektron informasiya sistemində qeydiyyatdan keçirə bilməyən işəgötürənlərə yardım ediləcək


Əldə olunan məlumatlar bütün əmək müqavilələrinin heç də hamısının elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilmədiyini göstərir.
 
Eyni zamanda, bir çox işəgötürənlərin əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirmək üçün cəhd etdikləri və müəyyən texniki səbəblərdən bu prosesi həyata keçirə bilmədikləri EİS-də qeydə alınıb. Belə işəgötürənlərə prosesi qısa vaxtda başa çatdırmaları üçün yardım etmək nəzərdə tutulur.
 
Bununla belə, əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsinə biganə yanaşan, bu islahat tədbirində iştirakdan yayınan, xüsusən də EİS işə salındıqdan sonrakı dövrdə əmək fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərini sistemə daxil etməyən işəgötürənlərə qarşı qanunauyğun şəkildə ciddi cəza tədbirləri görüləcək.  Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, yaradılmış yeni sistem məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına  hədəflənib.
 
Artıq bütün işəgötürənlər, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları EİS-ə daxil edilən əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində ƏƏSMN-in elektron informasiya sistemindən əldə etmək imkanlarına malikdirlər: "Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsilə işçilərdə göstərilən hüquqların icrasını işəgötürəndən tələb etmək imkanı yaranır.
 
Eyni zamanda əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasının təminat formasıdır. Bu sənəd vasitəsilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər. EİS dövlət nəzarətini həyata keçirən orqanlara elektron nəzarət sisteminin qurulmasına, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətinə, sosial sığorta haqları və s. daxilolmalarının artırılmasına, vətəndaşların layiqli pensiya təminatına gətirib çıxaracaq".
 
Aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının, habelə yeni sistemin mükəmməl  proqram təminatının, onun texniki imkanlarının sistemdən rahat və asan istifadə üçün əlverişli olmasının müsbət nəticəsi kimi, EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq 1 milyon 276 mini ötüb.
 
 
Xatırladaq ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
 
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda ("xeyli" sayda dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
 Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL