“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa” keçirilib
Bu gün “Hilton” otelində IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa” keçirilib.
“Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri”, “Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli”, “Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu” mövzularının müzakirə olunduğu tədbirdə yerli və xarici mütəxəssislər çıxış edib. “Dəyirmi masa”nı açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib. Baş direktor müzakirəyə çıxarılan məsələlərin təkcə peşəkarları yox, Azərbaycan cəmiyyətini də eyni dərəcədə düşündürdüyünü bildirib.
“Dəyirmi masa”nın Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) baş katibi, Rusiyanın “İTAR-TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluq etdiyi birinci panelində müxtəlif KİV platformalarında dialoqun aktual aspektləri müzakirə edilib.
Bu paneldə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Peter Kropş, Malayziyanın “BERNAMA” agentliyinin baş direktoru Yonq So Heonq, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, İtaliyanın AGI agentliyinin baş icraçı direktoru Cianni Di Ciovanni, Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atila Sertel, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Los-Anceles Beynəlxalq Münasibətlər Şurasının prezidenti və icraçı direktoru, EMMY mükafatı laureatı, “Time” jurnalının Los-Anceles bürosunun sabiq rəhbəri Terri Makkarti, Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi Lamiyə Vəzirova çıxış ediblər.
İkinci və üçüncü panel iclaslarında müasir jurnalistikada “sosial media” adlandırılan yeni hadisənin genezisi və onun ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, informasiya cəmiyyətinin bir sıra aktual problemləri, müasir şəraitdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-in yeni dünyada rolu ilə bağlı məsələlər müzakirə olunub.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL