Respublikada fəaliyyət göstərən 29 avtomat meteostansiyaların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunub
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır.
Təkcə 2014-cü ildə Azərbaycanda istehsal olunan 9 avtomat meteostansiya quraşdırılaraq işə salınıb və hazırda respublika ərazisində fəaliyyət göstərən 29 avtomat meteostansiyaların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunub.
Hazırda hətta Tufandağda 4100 metr yüksəklikdə quraşdırılmış stansiyadan avtomatik məlumatlar alınır. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu haqda prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
Nazir qeyd edib ki, bütün bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində ölkədə real irəliləyişlər əldə olunub:
“Məhz bunun nəticəsi kimi, son zamanlar beynəlxalq ekoloji ictimaiyyət, mətbuat orqanları və sosial şəbəkələr tərəfindən Azərbaycanda təkcə iqlim dəyişmələrinin qarşısının alınması deyil, ümumilikdə ətraf mühitlə bağlı problemlərin həllində əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilir, Azərbaycanın bu sahədə liderliyi ələ aldığı qeyd edilir. İqlim dəyişmələri üzrə dünyada tanınmış QHT olan İqlim Fəaliyyət Şəbəkəsi (Climate Action Network) Azərbaycanın bu sahədəki ambisiyalarını belə dəyərləndirib: “Bu neft-qaz hasil edən ölkə (Azərbaycan) bundan sonra da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə az karbon tullantılı istehsalatın inkişafına üstünlük verir...”
Nazirin sözlərinə görə, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət də davam etdirilir: “2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 7 ildir ki, uğurla istismar olunur. Onu da qeyd etmək istərdim ki, bu müddət ərzində qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğuların quraşdırılması üzrə işlər tamamlanır”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL