Azərbaycanda “Mobil ödənişlər: inkişaf problemləri və perspektivləri” mövzusunda beynəlxalq seminar işə başlayıb
Bakıda "Mobil ödənişlər: inkişaf problemləri və perspektivləri" mövzusunda beynəlxalq seminar işə başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu gün Azərbaycan üçün mobil ödənişlərin inkişafı məsələsi aktualdır.
"Bu gün Azərbaycanda İKT sahəsində əldə edilən gəlirlərin 80%-i mobil rabitə xidmətlərinin payına düşür, hər 100 nəfər əhaliyə 110 mobil telefon düşür, bu, yetərincə yüksək göstəricidir. Ölkədə həmçinin Elektron hökumətin stabil inkişafı müşahidə olunur və Mobil hökumətin yaradılması istiqamətində iş gedir. Azərbaycan MDB məkanında ilk "3G" və "4G" şəbəkələri yaradan, mobil imza tətbiq edən ölkələrdən biridir. Yaxın zamanda LTE şəbəkəsinin də yaradılması nəzərdə tutulur. Bütün bunlar ölkədə mobil ödənişlərin inkişafı üçün zəmin yaradır və bu məsələnin aktual olduğunu bir daha sübut edir", - deyə nazir müavini qeyd edib.
E. Vəlizadənin sözlərinə əsasən, bugünkü tədbir bank və maliyyə müəssisələri, mobil operatorlar və digər iştirakçılar üçün gələcəkdə mobil ödənişlərin ən effektiv inkişaf üsullarını müəyyən etməyə kömək edəcək.
Tədbir çərçivəsində həmçinin "Rabitə sisteminin pilot fraqmentinin yaradılması və tövsiyələrin hazırlanması, mühafizə edilmiş distant pərakəndə ödənişlərinin dəstəklənməsi üçün İKT və simsiz rabitə şəbəkələri əsasında bank hesablarının idarəedilməsi" layihəsi sahəsində görülən işlər haqda bəhs edilib.
"İnterveyl" şirkətinin baş direktoru Oksana Smirnova-Krell bildirib ki, layihə çərçivəsində mobil ödənişlərin nəqliyyatda və digər sahələrdə tətbiqi ilə bağlı işlər görülüb.
"Layihənin həyata keçirildiyi müddət ərzində Beynəlxalq Rabitə İttifaqı mobil ödənişlərin təhlükəsizliyinin təmin edilməsi üzrə standartlar işləyib hazırlayıb. Bugünkü tədbir isə müxtəlif ölkələrdə mobil ödənişlərin təhlilinin aparılması və uğurlu təcrübələri bölüşmək üçün gözəl platforma olacaq. Biz həmçinin tədbir iştirakçıları üçün bu tədbirlə bağlı mobil əlavə hazırlamışıq ki, bu da tədbirin proqramı, məruzələr, iştirakçıların yerləşdirilməsi və s. ilə bağlı ətraflı məlumat almağa imkan verir və bizim gördüyümüz iş haqda təəssürat yaradır", - deyə o qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL