Avropa İttifaqı "Bitcoin” virtual valyutasını “qara bazar”da əməliyyatlar üçün əsas alət hesab edir
Avropa Prokurorlar Şurası Avropa İttifaqında (Aİ) “qara bazar”larla mübarizə üçün yeni proqrama start verib.
Layihə çərçivəsində hüquq-mühafizə orqanları internetdə qeyri-qanuni ticarətlə məşğul olan cinayətkar təşkilatları müəyyən edəcək. Orqanlar xüsusi diqqəti kriptovalyutaya yönəldəcək. Çünki Avropa qanun tənzimləyicilərinin fikrincə, qeyri-qanuni tranzaksiyaların həyata keçirilməsində əsas alət məhz “Bitcoin” virtual valyutasıdır.
“Onlayn bazarlarda qeyri-qanuni ticarət” adlı layihə Niderland Prokurorluğunun təşəbbüsüdür. Avropa İttifaqının “Avropol” Polis Xidməti, Böyük Britaniya, Portuqaliya və Almaniya dövlət xidmətlərinin, eləcə də digər idarələrin iştirak edəcəyi proqram çərçivəsində ittifaqa üzv ölkələrin hüquq-mühafizə orqanları qeyri-qanuni onlayn ticarətin qarşısını alacaq.
Niderland Prokurorluğunun mətbuat xidmətinin rəhbəri bildirib ki, kriptovalyutalar dünya iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyətə malikdir. Lakin virtual pullardan, o cümlədən “Bitcoin”dən tez-tez qeyri-qanuni tranzaksiyalar, çirkli pulların yuyulması və s. əməliyyatlar üçün istifadə edilir. Qanun keşikçiləri “Bitcoin”in maksimum azadlığını saxlayaraq onu qeyri-qanuni istifadədən qorumaq niyyətindədirlər.
Layihə çərçivəsində ekspertlər qrupu bütün mərhələlərdə (malın alınması, internetə qoşulma, malların satışa çıxarılması, alıcılarla əlaqə, tədarük, ödəniş, maliyyə xidmətləri və s.) pozuntuları aşkarlayacaq.
“Qara bazar”da cinayətkar qrupların müəyyən edilməsi üçün Avropa Prokurorlar Şurası gömrük orqanları, beynəlxalq təhlükəsizlik provayderləri, logistika şirkətləri və “Bitcoin” kriptovalyutası ilə məşğul olan təşkilatlarla əməkdaşlıq edəcək.
Hazırda layihə həyata keçirilmə mərhələsindədir. 2015-ci ilin martında ekspertlər qrupunun işinin ilkin nəticələrinin təqdim olunması nəzərdə tutulur. Layihə üzrə sonuncu seminarın növbəti ilin sentyabrında keçirilməsi, dekabrda isə görülən işlərlə bağlı yekun hesabatın çap edilməsi planlaşdırılır, - "IT Expert” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL