waplog

“İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilir


Bu gün Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda 2 gün keçiriləcək elmi konfrans öz işinə başlayıb.
 
Konfransda ATU-nun rektoru Havar Məmmədov XXI əsrin informasiya kommunikasiya texnologiyalar əsri olduğunu vurğulayaraq qloballaşma dövründə İKT-nin böyük əhəmiyyətindən söz açıb.
 
 H.Məmmədov qeyd edib ki, hazırkı dünyanın idarə olunmasında, eləcə də bütün istehsal sahələri üzrə informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə edilir. İnformasiyalı cəmiyyət quruculuğunda, insanların həyat səviyyəsinin yüksəldilməsində, yeni iş yerlərinin açılması və eləcə də əməyin yüngülləşdirilməsi istiqamətində İKT-nin böyük rol oynadığını söyləyən rektor Azərbaycanda da sözügedən səpkidə mühüm addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Ölkədə İKT-nin tətbiqinin genişləndirilməsinə, elektron hökumətin qurulmasına, informasiyalı cəmiyyətin daha da inkişaf etdirilməsinə prezident İlham Əliyev tərəfindən böyük  diqqət göstərildiyini bildirən H.Məmmədov deyib ki, Azərbaycanda internet istifadəçilərinin sayının günü-gündən çoxalması, təhsilin informasiyalaşdırılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, təhsil ocaqlarının internetə qoşulması, tələbələrin İKT biliklərinin artırılması Azərbaycanı regionda fərqləndirən üstün cəhətlərdən biridir:
 
“15-20 il bundan əvvəl universitetimizdə 20-25 kompüter vardı. Bu gün isə onların sayı 500-dən çoxdur. Xüsusiləşdirilmiş auditoriyalarımız, laboratoriyalarımız var. Onlar da bütün lazımi avadanlıqlarla, eyni zamanda kompüter proqramları ilə təmin olunub. Bu gün digər sahələri də informasiya-kommunikasiya texnologiyalarından ayırmaq mümkün deyil. Azərbaycanda da bu başa düşülür və İKT-nin hər bir sektorda tətbiqinin genişləndirilməsinə böyük önəm verilir. Qeyd edim ki, Azərbaycan Texniki Universitetində yüksəkixtisaslı kadrlar hazırlanaraq cəmiyyətimizə təqdim olunur. Bu gün universitetin məzunları ölkənin İKT sektoru üzrə lazım olan kadr potensialını təşkil edir. Hazırda onların bilik və bacarıqlarını daha da artıracaq bir sıra layihələr həyata keçiririk”.
 
 
Sonra AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tarixi və gələcək perspektivləri haqqında danışaraq bildirib ki, ölkədə İKT-nin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bu sahəyə böyük diqqət göstərdiyini, alimlər üçün lazımi avadanlıqların alınmasında yaxından iştirak etdiyini söyləyən akademik qeyd edib ki, hələ sovet dönəmində olan bütün çətinliklərə baxmayaraq Heydər Əliyevin nüfuzu hesabına Azərbaycan alimləri o vaxt çıxan ən yeni texnologiyalarla təmin olunub.
 
 
Azərbaycanın İKT sahəsində böyük nailiyyətlər əldə etdiyini vurğulayan akademik elm sahəsində də uğurlu nəticələrin olduğunu söyləyib. İKT-dən yararlanmaqla ölkənin seysmik vəziyyəti barəsində məlumatların əldə edildiyini vurğulayan T.Əliyev bildirib ki, bununla əlaqədar olaraq  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaxından iştirakı və dəstəyilə xüsusi stansiyalar yaradılaraq istifadəyə verilib: “Biz peykdən istifadə etməklə bu stansiyaları bir-biri ilə birləşdirəcək şəbəkə yaratmışıq. Artıq baş verə biləcək zəlzələ barəsində əvvəlcədən məlumat əldə edə bilirik”.
 
Daha sonra Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov “Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda geniş məruzə ilə çıxış edib. 2014-cü ilin Azərbaycanda İKT-nin inkişafı üzrə xüsusi mərhələ hesab olunduğunu vurğulayan nazir müavini bu ildə Nüvə Tədqiqatları Mərkəzinin yaradıldığını, RYTN-in əsasnaməsinin təsdiq olunduğunu, Milli Strategiyanın qəbul edildiyini xatırladıb.
 
İKT sektorunun ən dinamik inkişaf edən sahələrdən olduğunu deyən İ.Məmmədov sektor üzrə illik orta artımın 20-25 faiz olduğunu, bunun da 80 faizinin özəl sektorun payına düşdüyünü konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 
 
Azərbaycanda İKT üzrə investisiya qoyuluşlarının da artdığını bildirən nazir müavininin sözlərinə görə, onun ümumi miqdarı 3 milyard dollardır: “Hər kəsə bəllidir ki, iqtisadiyyatı sabit və güclü olmayan ölkələrdə investisiya qoyuluşu  bu qədər sürətlə böyüyə bilməz. Azərbaycanın iqtisadi qüdrəti yatırılan vəsaitlərin miqdarında da özünü göstərir”.
 
Azərbaycanın hər bir yaşayış nöqtəsinin telefonlaşdırıldığını, eləcə də böyüməkdə olan şəhərlərə, qəsəbələrə yeni telefon xətlərinin çəkildiyini vurğulayan İ.Məmmədov ölkədə analoq ATS-lərin fəaliyyətinin dayandırıldığını və 2009-cu ildən etibarən tamamilə elektron ATS-lərə keçildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan əhalisinin 75 faizi internet istifadəçisidir. Onun da 55 faizi genişzolaqlı internetdən istifadə edir. Hər yüz nəfərə 110 mobil telefonun düşdüyünü vurğulayan nazir müavini Azərbaycanda mobil texnologiyanın ən son nailiyyətlərinin istifadə edildiyini deyib:
 
“Mobil cihazların qeydiyyatının aparılması və bununla da mobil telefon oğurluğunun qarşısının alınması istiqamətində qazanılan təcrübə digər ölkələrin də diqqətini cəlb edir. Mobil nömrələrin daşınması sistemi işə salınıb”.
 
 
İ.Məmmədov bildirib ki, Azərbaycanda görülən işlər, qazanılan nailiyyətlər beynəlxalq qiymətləndirmələrdə də özünü göstərir və ölkəmiz daim ön sıralarda qərarlaşır. Telekanalların rəqəmli yayımla ötürülməsi məsələsinə toxunan nazir müavini bildirib ki, bu gün Azərbaycan ərazisinin 98 faizi rəqəmsal yayımla əhatə olunub:
 
“Hazırda bu istiqamətdə monitorinqlər aparılır. Ucqar dağ kəndlərində yayımın səviyyəsi yoxlanılır. Ehtiyac olduğu təqdirdə əlavə qurğular quraşdırılır. Qeyd edim ki, texniki olaraq analoq yayımı bu gün tam şəkildə dayandıra bilərik”.
E-hökumət həllərinin tətbiqinə toxunan nazir müavini ölkədə elektron xidmətlərdən istifadə edənlərin sayının artdığını bildirib:
 
 “Bütün dövlət orqanlarının göstərdiyi elektron xidmətlər bir mərkəzdə toplanıb, “Elektron hökumət” portalı vasitəsi ilə cəmiyyətə təqdim olunub. Artıq portala müraciət edənlərin sayı 1 milyonu ötüb”.
 
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL