waplog

Avropa Komissiyasına yeni prezident seçildi


Avropa Komissiyasının (AK) yeni kabineti artıq səlahiyyətlərinin rəsmi icrasına başlayıb. Jan-Klod Yunkerin rəhbərlik etdiyi AK-nin yeni tərkibinin səlahiyyət müddəti 2019-cu ilin 31 oktyabrında başa çatacaq. “http://ec.europa.eu/” -nın məlumatına görə, yeni prezident Yunker iyulun 15-də böyük səs çoxluğu - 422 səslə Avropa Parlamenti tərəfindən seçilib.
 
Vəzifəsinin icrasına başlayan Avropa Komissiyasının yeni prezidenti bu münasibətlə öz fikrini bildirib: “Avropa vətəndaşları, Avropa parlamenti, dövlət və hökumət başçılarının demokratik dəstəyi nəticəsində yeni komissiya vəzifəsinə başlayır. İndi artıq qolları çırmalamağın vaxtı çatıb. Avropanın problemləri gözləyə bilməz. Bu gündən mən və mənim komandam söz verdiyimiz kimi, Avropanı yeni başlanğıca çatdırmaq üçün işləyəcəyik. Güclü və təcrübəli komanda ilə birlikdə ən yaxın beş il ərzində bu hədəfə çatmaq üçün səbirsizliklə gözləyirəm”.
 
Yeni kabinetin bəyan etdiyi əsas prioritet hədəflərinə dinamik inkişaf və investisiya; Enerji Birliyi və iqlim; vahid rəqəmsal bazar daxildir. Seçki platformasında sonuncu istiqamət üzrə siyasi prinsiplərini nəzərə çatdıran Yunker bu sahədə ciddi irəliləyişə nail olmağı düşünür:
 
“Rəqəmsal texnologiyaların sərhədsizliyi – hər bir Avropa Birliyi ölkəsi üçün telekommunikasiya xidmətləri, müəllif hüquqları, məlumatların qorunması və ya radio spektrinin idarə edilməsi üzrə ayrıca qaydaların olması artıq heç bir əhəmiyyət kəsb etmir - deməkdir. Daha da əhəmiyyətlisi, bir qızıl fürsət var. Vahid rəqəmsal bazar yaratmaqla biz 250 milyard avroya qədər əlavə artım, yüzlərlə yeni iş yeri, parlaq biliklərə əsaslanan cəmiyyət yarada bilərik”.
 
Buna nail olmaq üçün qarşıda dayanan məqsədlərə isə məlumatların qorunması üzrə ümumi AB qaydalarının hazırlanması ilə bağlı danışıqların sürətlə yekunlaşdırılması, telekommunikasiya qaydaları üzrə islahatların daha çevik davam etdirilməsi, yeni texnologiyaların inkişafı ilə bağlı müəllif hüquqları ilə bağlı qaydalarda dəyişiklik edilməsi, onlayn alış-veriş üçün istehlakçı qaydalarının sadələşdirilməsi, öz şirkətlərini qurmaq istəyən ixtiraçılara müvafiq şəraitin yaradılması, rəqəmsal bacarıqların artırılması və öyrədilməsi daxildir.
 
Qeyd edək ki, Avropa Komissiyasının (AK) sabiq vitse-prezidenti, rəqəmsal məsələlər üzrə komissarı Niele Kroes də sosial şəbəkədəki rəsmi səhifəsində (https://www.facebook.com/NeelieKroes)  səlahiyyət müddətinin başa çatması ilə bağlı fikirlərini paylaşıb:
 
 “Əslində, başa çatan 5 illik rəqəmsal siyasət dövründə təşəkkür etməli olduğumuz çox şeylər var. Amma mən yenə də bir çox məsələlərin diqqətdə saxlanmasını istəyərdim. Eyni zamanda, varislərimə, eləcə də rəqəmli Avropa üçün səyləri davam etdirəcək bütün şəxslərə uğurlar arzulayıram”.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL