Azərbaycan-Macarıstan sənədləri imzalanıb 11.11.2014 [22:15] Budapeşt, 11 noyabr, AzərTAc Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 11-də Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın geniş tərkibdə görüşündən sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"ni imzaladılar. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın iqtisadi tənzimləmələr üzrə dövlət katibi Bela Qlatfelder "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Budapeşt şəhərinin meri İştvan Tarloş "Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) ilə Budapeşt Şəhər Meriyası (Macarıstan) arasında dostluq və əməkdaşlıq haqqında Protokol"u imzaladılar. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın qida məhsullarına nəzarət üzrə dövlət naziri Robert Şiqo "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın milli inkişaf naziri Miklos Şestak "Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i imzaladılar. Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Macarıstanın milli inkişaf naziri Miklos Şestak "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı"nı imzaladılar.
http://azertag.az/xeber/809601