waplog

Azərbaycanda ilk dəfə Kompüter Oyunları üzrə Dünya Çempionatı keçirilir


Azərbaycanda Kompüter Oyunları üzrə VI Dünya Çempionatı (6-th e-Sport World Championship BAKU) işə başlayır. Ölkəmizdə ilk dəfə keçirilən çempionat noyabrın 17-dək davam edəcək. Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation)  himayəsi altında dünya kiber idmançılarını bir araya gətirən möhtəşəm tədbir “Crystall Hall”-da təşkil olunub.
 
 
Belə bir tədbirin təşkilində əsas məqsəd kiberidmanı Azərbaycanda populyarlaşdırmaq, həmçinin gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdan ibarətdir.
 
 
Tədbirlə əlaqədar qaydalar və əsas müddəalar Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatının Bakıda təşkili ilə bağlı imzalanmış memorandumda  əksini tapıb. Oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var.
 
Xatırladaq ki, iyulun 2-də “İeSF”-in (International e-Sports Federation) İdarə Heyətinin növbədənkənar keçirilən iclasında Kompüter Oyunları üzrə VI Dünya Çempionatının təşkili ilə bağlı bir sıra dəyişikliklərin edilməsi qərara alınıb.
 
Belə ki, cari ilədək Təşkilat Komitəsi qadınlar və kişilər üçün ayrıca oyunlar keçirirdi. Lakin çoxsaylı müraciətlər nəzərə alınaraq, bundan sonra kişilərin yarışlarının açıq elan edilməsi qərarı qəbul edilib. Beləliklə, artıq həmin növdə qadınlar da öz qüvvələrini sınaya biləcəklər. Qadınlar arasında yarışlar isə əvvəlki tək dəyişməz olaraq qalıb.
 
Qeyd edilən dəyişikliklərin qəbul olunduğu andan dərhal qüvvəyə minməsi və VI Dünya Çempionatı, eləcə də Milli Seçim Oyunlarında tətbiq edilməsi məqbul hesab olunub.
 
 Nəticədə kişilər arasında oyunlara əvvəllər yalnız qadınlar üçün nəzərdə tutulmuş “Tekken Tag Tournament 2” növü də əlavə olunub. Beləliklə, aşağıda sadalanan növlərdə həm qadınlar, həm də kişilər iştirak edə bilərlər.
 
 
“DOTA 2” (komanda eyni vaxtda qadın və kişilərdən ibarət ola bilər);
“StarCraftII: Heart of the Swarm”;
“Super Street Fighter 4”;
“Hearthstone: Heroes of Warcraft”;
“Tekken Tag Tournament 2”.
Yalnız qadınların qatıla biləcəyi növlər:
“StarCraftII: Heart of the Swarm”;
“Tekken Tag Tournament 2”.
 
 
“DOTA 2” növü üzrə oyunlarda xanımlar da iştirak edə bilərlər və bu növ üzrə ehtiyat oyunçuların sayı 3-ə yüksəldilib. Azərbaycan oyunçularının iştirakına gəlincə, Dünya Çempionatında ölkəmizə 5 yer ayrılıb. Azərbaycan idmançıları finalda fərdi “Tekken Tag Tournament 2”, “Starcraft 2”, “Hearth Stone”, “Super Street Fighter IV” növləri, komanda yarışlarında isə “Dota 2” (5x5) növündə təmsil edəcəklər. Qaliblərin mükafatlandırılmasına gəldikdə, Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatında “IeSF”-in tarixi ərzində ən böyük mükafat fondu  (100. 000 ABŞ dolları) müəyyən edilib.
 
 
Qeyd edək ki, çempionata hazırlıq ərəfəsində “Rabitə dünyası”na müsahibəsində Azərbaycan Kiber İdman Federasiyasının (AKİF) prezidenti Ramil Əliyev ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi tədbirin əhəmiyyətini belə vurğulayıb:
 
“Ən böyük uğurumuz Kompüter Oyunları üzrə VI Dünya Çempionatının Azərbaycanda keçirilməsidir. Bu, təkcə post-sovet məkanında deyil, həm də regionda ilk belə irimiqyaslı tədbirdir. Kiber İdmanı Federasiyası bu uğura Beynəlxalq Kiber İdmanı Federasiyasındakı 3 illik üzvlüyü ərzində nail olub.
Yeri gəlmişkən, biz Rusiyadan sonra “İeSF”-ə daxil olmuş ikinci dövlətik.  Təbii ki, bu nailiyyətlərə Gənclər və İdman Nazirliyinin dəstəyi, eləcə də dövlətin ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı həyata keçirdiyi siyasət olmadan nail ola bilməzdik”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL