waplog

Gənc alim və mütəxəssislərin axtarış-innovasiya xarakterli layihələri maliyyələşdiriləcək


Azərbaycanda gənc alim və mütəxəssislərin axtarış-innovasiya xarakterli layihələri maliyyələşdiriləcək. Maliyyələşmə növbəti qrant müsabiqəsi çərçivəsində reallaşacaq.

Belə ki, Prezident yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi  fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə 2014-cü ildə gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan edib.

Müsabiqə  prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən və 2011-2013-cü illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci və 2-ci müsabiqələrinin uğurları nəzərə alınaraq elan edilib. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi 500000 (beş yüz min) manat nəzərdə tutulub.
 
Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq.
 
 
Nəticələr isə 2015-ci ilin birinci yarımilində açıqlanacaq. Şərtlərə gəlincə, müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər. 
 
Müsabiqə zamanı müvafiq elmi prioritetlər, elm sahələri və istiqamətləri üzrə təqdim edilən layihələrə üstünlük veriləcək. Buraya fizikanın fundamental və tətbiqi problemləri, yüksək texnologiyalar, nanotexnologiyalar, nanostrukturlar, nüvə və radiasiya fizikası; informasiya-kommunikasiya sistemləri və texnologiyaları; informasiya  cəmiyyəti, yeni nəsil nəzarət və idarəetmə sistemləri; riyaziyyatın fundamental və tətbiqi problemləri, bərk cisim, maye və qaz mexanikası, müxtəlif təyinatlı texnoloji proseslərin riyazi modelləşdirilməsi, optimallaşdırılması və idarə edilməsi; alternativ və bərpa olunan enerji mənbələri, təbii ehtiyatların səmərəli istifadəsi və kompleks emalı; tibbin və biologiyanın müasir problemləri; molekulyar biologiya və
biotexnologiyalar, biotibb və tibbi geologiya; aqrar elmlər, innovasiya əsaslı iqtisadi yüksəliş, rəqabət qabiliyyətinin artırılması, innovativ sahibkarlıq və s. daxildir.
 
Fonddan bildirilib ki, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
 
Müsabiqə ilə bağlı ətraflı məlumat “www.sdf.gov.az” linkindən əldə edilə bilər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL