Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyalar inkişaf etdirilir
Fizika İnstitutunda qabaqcıl nazik təbəqəli texnologiyalar inkişaf etdirilir.
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Fizika İnstitutunun direktoru, müxbir üzv Nazim Məmmədov və institutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramovun “AMEA Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyaların inkişafı” mövzusunda məruzəsi dinlənilib.
A.Bayramov bildirib ki, son bir neçə ildə institutun müasir təcrübi, nəzəri və texniki bazasının yaradılması, yüksək texnologiyalar üçün yeni material və cihaz strukturları üzrə innovasiya proqramının başlanması istiqamətində bir sıra mühüm işlər görülüb. Sözügedən proqram çərçivəsində aparılan elmi araşdırmalar nanotexnologiya və buna əsaslanan informasiya texnologiyaları, eləcə də bərpa olunan enerji mənbələri sahələrinə aiddir. Sadalanan bu problemlər ölkə rəhbərliyi tərəfindən respublikanın inkişafının prioritet istiqamətləri sırasına salınıb.
Qeyd olunub ki, işlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Pilot layihəsi çərçivəsində həyata keçirilib.
Bu layihə nəticəsində institutda dünya standartlarına cavab verən, ən müasir texnoloji və tədqiqat avadanlıqları ilə təmin olunmuş İnnovasiya sektoru yaradılıb.
A.Bayramov İnnovasiya sektoru əməkdaşları tərəfindən yaxın illərdə alınmış naziktəbəqəli yarımkeçirici materiallar və onların əsasında yüksəkeffektivli günəş elementlərinin yaradılması perspektivləri haqqında da məlumat verib.
Həmçinin vurğulanıb ki, sektorda Paris Fotovoltaika İnstitutu (İRDEP, Fransa) və Chiba Texnologiya İnstitutu (Yaponiya) ilə birgə yeni tip “substrate konfiqurasiyalı” CdTe günəş elementlərinin yaradılması istiqamətində tədqiqatlar aparılır.
Bu tədqiqatlar CdTe təbəqələrinin qalınlığının azaldılması (1-2 mkm), ucuz şüşə (soda lime glass) və sadələşdirilmiş omik kontaktdan istifadə yolu ilə nazik təbəqəli CdTe günəş elementlərinin maya dəyərinin ciddi surətdə aşağı salınmasına yönəlib.
Məruzə sual-cavablardan və müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL