waplog

Ədəbiyyat İnstitutunda ilk video-elmi konfrans keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialı ilə birlikdə “Şoloxov və Azərbaycan” mövzusunda video-elmi konfrans keçirilib.

Qeyd edək ki, bu, institutun yeni yaradılmış elektron akt zalında quraşdırılmış polikam-kamera vasitəsilə keçirilən ilk beynəlxalq elmi konfrans idi.

Video-elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Rusiyanın adıçəkilən ali təhsil müəssisəsi ilə yaradılmış qarşılıqlı elmi əməkdaşlıq barədə məlumat verdi. Bildirdi ki, iki elmi müəssisə arasında bağlanmış müqavilə əsasında indiyədək həm Bakıda, həm də Stavropolda bir sıra tədbirlər keçirilib. Akademik İsa Həbibbəyli görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun anadan olmasının 110 illiyi münasibətilə ədibin doğulduğu Rostov vilayətinin Vyoşenskoye qəsəbəsində keçirilən beynəlxalq elmi konfrans haqqında danışaraq tədbirin əks olunduğu konfrans materiallarının bu yaxınlarda monoqrafiya şəkildə nəşr olunduğunu, bu elmi əsərdə yer alan 17 məqalədən 7-nin Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən yazıldığını xüsusi vurğuladı.

     Sonra akademik İsa Həbibbəyli “Mixail Şoloxov və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etdi. Alim görkəmli rus yazıçısı Mixail Şoloxovun Azərbaycanla ədəbi əlaqələrindən, əsərlərinin dilimizə tərcümə edilməsi, ölkəmizdə nəşri məsələlərindən ətraflı söhbət açdı. Akademik İsa Həbibbəyli Şoloxovun irsinə dair Azərbaycanda geniş elmi araşdırmalar aparıldığını nəzərə çatdıraraq ədibin yaradıcılığının müxtəlif elmi istiqamətlərdə bundan sonra da tədqiqata cəlb etdirilməsinin əhəmiyyətli olduğunu bildirdi.
Filologiya elmləri doktoru, professor Aida Feyzullayeva “Şoloxov yaradıcılığında ailə problemi” mövzusunda məruzə etdi. O, müqəddəs mənəvi dəyər kimi ailə probleminə Şoloxov yaradıcılığında böyük yer verildiyini önə çəkərək yazıçının əsərlərindən konkret misallarla bəhs etdi.

M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru, pedaqoji elmlər doktoru, professor Natalya Sotnikova Stavropoldan videobağlantıya qoşularaq ilk video-elmi konfransın keçirilməsi münasibətilə institut rəhbərliyini təbrik etdi və Ədəbiyyat İnstitutu ilə elmi əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirdi. Filialın direktor müavini, filologiya elmləri namizədi Liliya Qriqorova da video-elmi konfransda söz alaraq Azərbaycan və Rusiya elm və təhsil müəssisələrinin elmi və elmi kütləvi əməkdaşlığını yüksək qiymətləndirdi.

Elmi konfransda Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşları, həmçinin M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının pedaqoji kollektivi və tələbə heyəti iştirak etdilər.

Tədbirin sonunda hər iki elm və ali təhsil müəssisəsinin rəhbərləri - akademik İsa Həbibbəyli və professor Natalya Sotnikova yaxın günlərdə böyük rus şairi Mixail Lermontovun 200 illik yubileyi münasibətilə daha bir müştərək video-elmi konfransın keçirilməsi barədə razılığa gəldilər.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL