waplog

“Hədəfimiz Azərbaycanda robot texnikası və süni intellekt sahələrindəki inkişafa töhfə verməkdir”


“Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.  
 
Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir:
 
“Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahənin Azərbaycanda inkişaf etməsini istəyirik. Bu baxımdan, “Bakutel” sərgisi gördüyümüz bu işlərin nümayişi üçün böyük bir fürsətdir”.
 
 
Mərkəz rəhbəri İKTETM-in “Bakutel”də indiyə qədər iştirakı haqda da məlumat verib:
 
 “Bakutel” sərgisi Azərbaycanda qeyri-neft sahələrindən biri olan İKT-nin inkişafını, bu sahədəki yenilikləri ortaya çıxarmaq və Xəzər və Qafqaz regionlarında da bu sahənin inkişafını təmin etməkdədir.  “Bakutel-2013” sərgisində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bizə verdiyi böyük dəstək sayəsində elmi işçilərimiz və tələbələrimizin araşdırdıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirmə fürsəti tapdıq. Ötən il sərgidə “Lego Mindstorm” avadanlıqları, motor və sensorlardan istifadə edərək, tələbələrimizin hazırladıqları robotları nümayiş etdirdik.  Bununla yanaşı, VEX və xətt izləyən robot da tələbələrimizin hazırladığı işlərdir”. Onun sözlərinə görə, “Bakutel- 2013” sərgisində NAO robotu çox böyük diqqət çəkib:
 
“NAO robotu insana bənzər robotdur. Bu robot universitetimiz tərəfindən elmi araşdırmalar etmək və insana bənzər robotların işləmə prinsiplərini öyrənmək üçün alınıb. NAO robotu üzərində obyekt tanıma, səs tanıma, tarazlıq və bu kimi problemləri həll etmək üçün bir çox fərqli alqoritmlər tətbiq edilməkdədir. Düşündük ki, bu edilən işləri göstərmək sərgidə çox da maraq kəsb etməyəcək. Ondan ötrü NAO robotuna milli Azərbaycan rəqsini öyrətdik və “Bakutel” sərgisində bu rəqsi nümayiş etdirdik. Təbii ki, robotun ifasında milli rəqs çox böyük diqqətə səbəb oldu. Yeri gəlmişkən, keçən il olduğu kimi, bu il də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizə böyük dəstək verərək, “Bakutel- 2014” sərgisində iştirakımızı təmin etdi. Bundan ötrü, Rabitə və Texnologiyalar Nazirliyinə böyük təşəkkürlərimizi bildirirəm”. Ü.İlhan mərkəzin “Bakutel- 2014” sərgisində robot texnikası və süni intellekt sahələrində yeni işləri nümayiş etdirdiyini bildirib: “Onların sırasında İstanbul Texnik Universiteti Texnoparkında yerləşən BU texnoloji şirkəti və Boğaziçi Universitetinin elmi işçiləri ilə birlikdə hazırladığımız işlər də var. Sərgi zamanı “Robot qol”u təqdim etdik. Bu, süni intellektdən istifadə edilərək hazırlanan bir qoldur. Qol özü qərar verərək istənilən işi yerinə yetirir. Eyni zamanda sərgidə “ağıllı görən sistem” və tablet robot layihələri də nümayiş etdirilib. Həminin keçən il rəqs edən robot NAO-da bu il etdiyimiz araşdırmaları interaktiv şou halında nümayiş etdirdik”.
 
 
İKTETM direktoru mərkəzin gələcək fəaliyyət istiqamətlərindən də söz açıb: “Mərkəzin planlarına elektronika və mexanika sahələrində bacarıqlarımızı inkişaf etdirmək və malik olduğumuz proqramlaşdırma bilikləri sayəsində “Robot qol” layihəsini genişləndirmək, bununla yanaşı, dünyada robot texnikası sahəsində çox istifadə olunan ROS (Robot Əməliyyat Sistemi) və başqa proqramları öyrənərək elmi tədqiqat işləri aparmaqdır”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL