waplog

Yanvarın 1-dən etibarən RYTN-də dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq


Yanvarın  1-dən etibarən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq. Dekabrın  31-dək olan xidməti fəaliyyət dövrünü əhatə edən qiymətləndirilmə təqvim ilinin sonunda yekunlaşacaq.
 
Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nazirliyin əməkdaşları, o cümlədən şöbə və sektor müdirləri, şöbə və sektor müdir müavinlər üçün təlim keçirilib. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən keçirilən təlimlərdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə qaydalar, həmçinin dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu bir sıra tapşırıqlar izah edilib.
 
 Qeyd olunub ki, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın qərarı ilə təsdiq edilmiş qaydalara görə, dövlət qulluqçusunun illik fəaliyyətinin qiymətləndirilməsi struktur bölmələr tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq başlanılır və növbəti il yanvarın 10-dək başa çatdırılır. Kadr xidməti qiymətləndirmənin nəticələrini analiz edir, qiymətləndirmənin nəticələrinə dair dövlət orqanı üzrə yekun hesabat hazırlayır və fevralın 20-dək dövlət orqanının rəhbərinə təqdim edir. Dövlət orqanının rəhbəri yekun hesabatı təsdiq etdikdən sonra kadr xidməti qiymətləndirilmənin nəticəsindən asılı olaraq dövlət qulluqçusu barədə bu qaydalarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər verir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə dair yekun hesabat martın 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir. Meyarlar üzrə qiymətləndirilməyə gəlincə, dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədi ilə rəhbər tərəfindən hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu mühüm tapşırıqlar (hədəflər) qoyulur. Tapşırıqların sayı 2-6 arası olur. Tapşırıqlar dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır.
 
Tapşırıqların icra müddəti dəqiq müəyyən edilməli və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir. Qoyulan tapşırıqların, xidməti vəzifə və öhdəliklərin yerinə yetirilməsi keyfiyyəti, tapşırıqların icra edilməsi səviyyəsi və peşə fəaliyyəti zamanı dövlət qulluqçusunun davranış qaydalarına əməl etməsi vəziyyəti meyarlar üzrə qiymətləndirilir.
 
Qoyulmuş tapşırıqlara uyğun olaraq meyarların mühümlük dərəcəsi müəyyən edilir və formada qeyd edilir.  Forma mütəmadi olaraq bilavasitə rəhbər tərəfindən nəzərdən keçirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə kimi meyarlar üzrə qiymətləndirilir.
 
Həmçinin meyar olaraq, işçinin kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlərinə də diqqət yetirilir. Belə ki, işçinin komanda tərkibində və iş yoldaşları ilə sıx əlaqədə işləmək, rəhbərlərlə və iş yoldaşları ilə ünsiyyət, xoş və işgüzar münasibətlər qurmaq, iş yoldaşlarına dəstək olmaq və lazım gəldikdə onlardan dəstək ala bilmək, qrupun aktiv üzvü olaraq qrup hədəflərinin gerçəkləşməsinə çalışmaq, iş üzrə hədəflərə nail olmaq üçün digər qurumlar, şöbələr, sektorlar və əməkdaşlar arasında əlaqələr qurmaq bacarığının qiymətləndirilməsi nəzərdə tutulur.
 
Rəhbər işçilərin qiymətləndirilməsi isə əlavə olaraq təhlil və proqnozlaşdırma, idarəetmə, kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı, komanda qurmaq bacarığı və s. kimi meyarlar əsasında aparılır. 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL